[b]Həmzəzadənin məqsədli qərəzi[/b]
28.10.2017 - 07:41
[b]Həmzəzadənin məqsədli qərəzi[/b]

Bu, artıq səhv deyildi, qərəz idi! Tapşırıq verəni, məsləhət görəni, sifariş edəni kimdi – bilmirik. Amma Rəvan Həmzəzadənin dünənki idarəçiliyinin başqa adı yoxdu.

 

Peşəkar Futbol Liqasının və ya AFFA Hakimlər Komitəsinin bundan xəbəri yoxdusa, sifarişdə pay sahibi deyillərsə (!!!), zəhmət olmasa, “Qarabağ” – “Səbail” görüşünün hakimlərindən hesabat istəsinlər. Həmzəzadə faktiki, ağdamlıları dayandırmaq, bəlkə də çempionata süni rəqabət gətirmək üçün meydanda idi.

 

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov hər zaman hakimləri müdafiə edib, onların işinin çətinliyindən bəhs edib. Amma görüşdə hətta o da əsəblərinə hakim ola bilmədi. Çünki hakimlər “Qarabağ”ın ovuna çıxmışdı. Qırmızı vərəqə, bir sıra digər epizodlarla işimiz yoxdu, lakin son dəqiqələrdə 2 dəfə “Səbail”in qapısına yüz faizlik penalti təyin edilmədi. Xüsusilə ikincisi... Görə-görə, açıq-aşkar...

 

Hə, Əfran İsmayılov “İnter”lə oyunda olduğu kimi, yenə fərdi ustalığı sayəsində “Qarabağ”a layiq olduğu qələbəni gətirdi. Lakin ağdamlılar bunun üçün əziyyət çəkməməli, Dani Kintananın bir neçə dəfə “döyülməsinə” şahid olmamalıydılar.

 

Həmzəzadə deyəsən, “Səbail”ə görə canfəşanlıq edirdi. Klubun kimlərə bağlı olduğunu bilir, əsl yiyəsini tanıyır. Yəqin ümid edir ki, bu oyuna baxan klub sahibləri onun karyerasına yaşıl işıq yandırar, onun FİFA referiliyinə gedən yolunu rəvan edər. Amma belə səhvlərlə, həm də qərəzli səhvlərlə böyümək olmaz. Bunu AFFA rəhbərliyi, dolayısı ilə “Səbail”in hamisi də anlayır.

 

“Səbail”i yaxşı oyuna görə təbrik etmək olar. Samir Əliyev döyüşkən komanda yarada bilib. Lakin qonaqlar haqda çox tərif yazmağa tələsməyək. Çünki debütant hakimqarışıq 14-15 nəfərlə 10 oyunçuyla qalan rəqibə məğlub oldu (futbolinfo).