“AFFA-nın təşəbbüsü ilə FİFA tərəfindən belə bir tədbirin keçirilməsi təqdirəlayiq haldır. Şəxsən mən bu təlimdən çox şey öyrəndim”. Bu sözləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.
Bu gün “Bakcell Arena” və “Bayıl Arena”da təbii və süni örtüklü meydançalara qulluq üzrə treninq keçirilib. AFFA-nın təşkil etdiyi tədbirdə FİFA tərəfindən ezam olunmuş mütəxəssis Allan Mur təbii örtüklü meydançalar haqqında ümumi məlumat verib.
Qonaq meydançaların tikilməsi üçün düzgün yerin seçimi, düzgün avadanlığın alınması, örtükdə yaranan problemlərin və ot örtüyündə xəstəliklərin səbəbləri, gübrələrdən istifadə qaydalarından danışıb. FİFA nümayəndəsi meydançaların oyun qabağı hazırlanması və başqa məsələlər barədə də ətraflı informasiya verib.
Tədbirin keçirilməsindən razı qalan Hacıyev buna görə AFFA-ya minnətdarlıq edib: “Ona görə xoşuma gəldi ki, fikir mübadiləsi apardıq, Avropa standartlarını öyrənməyə çalışdıq, praktiki işlərlə tanış olduq, ot örtükləri, texniki avadanlıqlar haqqında səmərəli məlumatlar əldə etdik. Bundan əvvəlki təcrübəmizdə etdiyimiz səhvləri görmək imkanına malik olduq. Ot örtüyünə baxılma qaydaları ilə tanış olduq. Bu ilin payızında yenidən belə bir tədbir keçiriləcək. Məmnuniyyətlə həmin tədbirdə iştirak etmək istərdim”.