[b]İbrahimoviç İngiltərəyə səsləndi[/b]
18.02.2016 - 13:00
[b]İbrahimoviç İngiltərəyə səsləndi[/b]

İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçin yayda İngiltərəyə köçəcəyi böyük ölçüdə dəqiqləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, PSJ ilə müqaviləsinin müddəti yayda bitəcək 35 yaşlı forvard Premyer Liqada oynamağa qarşı deyil.

 

Uzun müddətdi İngiltərə klubuna keçəcəyi ilə bağlı haqqında məlumatlar yayılan “İbrakadabra” axır ki, bu məsələyə aydınlıq gətirib. Paris klubunda ilinə 12 milyon funt-sterlinq məvacib alan İbrahimoviç yeni macəra axtarışındadı.

 

2017-ci ildə Devid Bekhemin Amerikada almağa hazırlaşdığı komandaya keçəcəyi gözlənilən Zlatan aradakı 1 ili məhz İngiltərədə keçirmək niyyətindədi: “PSJ ilə müqaviləmin sonuna 3 ay qalıb. Həmin müddəti burda keçirəcəm. Sonra böyük dəyişiklik olacaq. İngiltərə variantı? Təkcə onu deyə bilərəm ki, Premyer Liqada oynamaq üçün yaxşı formadayam və yeni çağırışa hazıram”.

 

Əksər mənbələr İbrahimoviçin mövsümün sonunda “Mançester Yunayted”lə müqavilə imzalayacağını iddia edirlər. Bunda Joze Mourinyonun “mankunianlar”ın baş məşqçisi postuna keçmək ehtimalı da rol oynayır.

 

Qeyd edək ki, 17 yaşında “Arsenal”a baxışa dəvət olunan, ancaq bununla razılaşmayan İbrahimoviç karyerası ərzində “Böyük beşlik” ölkələrindən 3-də (İtaliya, İspaniya və Fransa) artıq çıxış edib.