[b]İbrahimoviçin məşhur sitatları[/b]
17.02.2016 - 13:14
[b]İbrahimoviçin məşhur sitatları[/b]

Dünyada tək-tük futbolçu var ki, təkcə oyunu yox, fikirləri ilə də gündəmi dəyişməyi bacarır. Apasport.az saytı xəbər verir ki, onlardan biri də Zlatan İbrahimoviçdi.

 

İsveç millisinin və PSJ-nin hücumçusu meydanda necə özündənrazı görünürsə, şəxsi həyatda da o cürdü. Qeyri-adi qollarla diqqət çəkən Zlatan mikrofon önündə də sıradan açıqlamalar vermir. O, hətta çox vaxt həmkarlarına söz atmaqdan da çəkinmir.

 

Bu cür davranışına görə, sevənləri qədər sevməyənləri də var. Ancaq bu bir həqiqətdi ki, Zlatan İbrahimoviçin açıqlamaları hər zaman maraqlı və diqqətçəkən olub. Biz də bu yazıda ondan sitatlar gətirəcəyik.

 

- Mən şərab kimiyəm, qaldıqca gözəlləşirəm.

 

- İsveç və Fransa mənim sayəmdə populyarlaşdı, dünya xəritəsində tanındı.

 

- Yaşlı vaxtımda burda belə çıxış edirəm. Gənc olsaydım, kim bilir nələr edərdim.

 

- Eyfel qülləsinin yerində İbrahimoviçin heykəli qoyula bilər.

 

- Onyevunu döydükdən sonra sinəmdə bir sümük qırıldı. Ancaq buna dəydi.

 

- Arsen Venger 17 yaşımda məni baxışdan keçirmək istədi, qəbul etmədim. Zlatan baxışa getməz.

 

- İbrahimoviç zədəli halda da komandası üçün böyük üstünlükdü.

 

- Parisdə ev axtarıram. Tapmasam, otel alacam.

 

- Bir dəfə İsveçrə ilə oyunda topu sola çəkdim, rəqib müdafiəçi Stefan Ençoz sola getdi, Sağa çəkdim, sağa getdi. Sonra yenidən sola çəkdim, o sosis almağa getdi.

 

- Fransa çempionatında çox futbolçu tanımıram. Amma əminəm ki, onların hamısı məni tanıyır.

 

- Əgər Runi Parisə gəlib mənimlə oynamaq istəyirsə, tələsməlidi. Ancaq Zlatanın ondan güclü olduğunu da nəzərə almalıdı.

 

- Futbolu seçməsəydim, oğru olardım. Kiçik yaşlarımda məşqə getmək üçün velosiped oğurlayırdım.

 

- Balotellini bəyənirəm, məndən də çılğındı. Qələbə qolunu vura bilər, amma sonra gedib oteldə yanğın törədə bilər.

 

- Kapello məndən “Yuventus”da kimin topa daha yaxşı zərbə vurduğunu soruşdu. Ona “Nedved və ya Del Pyero” dedim. O isə “xeyr, qapıçı məşqçisidi. Çünki hər gün 1000-dən çox zərbə vurur” cavabını verdi. Həmin andan bəri hər gün zərbələrin üzərində məşq edirəm.

 

- Mourinyo həyat yoldaşımla tanış olduğu gün ona “Elena, sənin bir vəzifən var: Zlatan vaxtında yatsın və yaxşı bəslənsin” demişdi. O, fikrindən keçən hər şeyi deyir.

 

- İlk vaxtlar Qvardiola mənim üçün pis deyildi. Ancaq sonra məşq meydanının yanına təcili yardım maşını gətirmələrini istədim. Çünki onu hər an öldürə biləcəyimi demişdim.

 

- “Barselona”nın formasını geyinməyi həmişə arzu edərdim. Ancaq sonra başa düşdüm ki, bəzi şeylər arzu olaraq qalsa, yaxşı olar.

 

- “Barselona”da olanda Qvardiolaya “sən qorxağın birisən, Mourinyonu qısqanırsan” dedim, heç bir reaksiya göstərmədi. Paltardəyişmə otağında axmaq fikirlərlə guya futbolçuları oyuna kökləyirdi.

 

- Kriştianu Ronaldo xoşbəxt insandı, hər dəfə ön sırada oturaraq Messinin mükafat qazanmasını seyr edir.

 

- Balotelli “Real”a yox, “Barselona”ya yaraşar. Çünki orta səviyyəli oyunçu və orta səviyyəli komanda.

 

- Parisin artıq Mona Lizadan daha çox şeyi var.

 

- Bekhemin transferi ilə PSJ təkcə güclü yox, həm də yaraşıqlı komanda oldu.

 

- Menecerim yoxdu. Menecerlər yalnız zəif oyunçulara komanda tapmaq üçün var. Böyük klublar birbaşa mənimlə əlaqə saxlaya bilər.

 

- Həyat yoldaşıma ad günündə heç nə almıram. Çünki o, onsuz da, Zlatana sahibdi.

 

- Jurnalistin “ev heyvanın varmı” sualına İbrahimoviçin cavabı belə olub: “Bəli, adı Co Didulikadı (“Ayaks”ın keçmiş qapıçısı).

 

- “Çelsi”nin futbolçusu Eden Azar İbrahimoviçə “İsveçdəyəm, sənə qısa fransız dərsi keçə bilərəm” mesajı göndərib. O isə cavabında “mən də sənə qol vurmağı öyrədə bilərəm” bildirib.