“Futbol oynamaqdan ruhən yorulmuşam. Artıq 15 ildir peşəkar futboldayam və fikrimcə, bu qədər bəsdir. “Neftçi”də qalıb işləməyə dair gözlənilməz təklif almışam. Makedoniyaya qayıdıram və qərarım haqda fikirləşəcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi İqor Mitreski deyib.
Təcrübəli mərkəz müdafiəçisi “Makedonski Sport”a verdiyi açıqlamasında futbolçu karyerasını bitirmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, Mitreski “Neftçi”də məşqçi, idman direktoru və ya məsləhətçi vəzifəsində işləyə bilər.
35 yaşlı futbolçu karyerasını davam etdirərsə, “Neftçi”də yox, başqa klubda çıxış edəcəyini də bildirib: “Mənim hörmətəlayiq karyeram olub. Bununla belə, həlledici qərarımı yaxın vaxtlarda açıqlayacağam. İlk növbədə istirahət etmək və bu haqda fikirləşmək istəyirəm. Halbuki 1 ay əvvəl olduğu kimi karyeramı davam da etdirə bilərəm”.
Qeyd edək ki, 2010-cu ilin yayından “Neftçi”nin şərəfini qoruyan İqor Mitreski bu komanda ilə 3 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunu qazanıb.