İtaliya A Seriyasının cari mövsümündə "İnter"in ev oyunlarını 1 milyondan çox insan stadiondan izləyib.
XXXV tur çərçivəsində "Yuventus"la oynanılan görüş üçün "Cuzeppe Meatsa"ya 78 min 328 azarkeş təşrif buyurmuşdu. Apasport.az saytının məlumatına görə, bununla "İnter"in ev oyunlarını birbaşa stadiondan izləyənlərin sayı 1 milyon 26 min 177 nəfərə çatıb. "Neradzurrilər" bu göstərici üzrə İtaliyada liderdilər. Nəzərə alsaq ki, "İnter"in "Meatsa"da "Sassuolo" ilə oynamalı olduğu daha bir görüş var, o zaman bu rəqəmin gələcəkdə daha da artacağını təxmin etmək o qədər də çətin olmaz.
İkinci pillədə qərarlaşan "Milan" 894 min 502 azarkeşi stadiona cəlb edə bilib. "Napoli" üçüncü (719 min 503 nəfər), "Yuventus" isə dördüncüdü - 658 min 917 nəfər.