[b]Kamal Bayramov Bəhmən Həsənov haqda: Özünü gülünc vəziyyətə salır[/b]
19.10.2015 - 16:44
[b]Kamal Bayramov Bəhmən Həsənov haqda: Özünü gülünc vəziyyətə salır[/b]

“Rəvan” heyətini gücləndirməli və Emin Quliyevi baş məşqçi postunda saxlamalı idi. Bəhmən Həsənovun yenidən o komandaya məşqçi getməsinə isə söz tapa bilmirəm. O, “Rəvan”a qayıtmaqla, özünü gülünc vəziyyətə salır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Zirə”nin qapıçısı Kamal Bayramov deyib.

 

Sabiq komandası “Rəvan”da baş məşqçi dəyişikliyinə toxunan 30 yaşlı qolkiper maraqlı fikirlər səsləndirib.

 

O bildirib ki, karyerası ərzində bir də “Rəvan”ın formasını geyinməyəcək: “Mən bundan sonra nəinki Bəhmən Həsənovun rəhbərliyi altında, ümumiyyətlə, “Rəvan”da oynamaram. Karyeramı bitirərəm, amma “Rəvan”a getmərəm. Bunu çoxdan demişəm. Emin Quliyev kimi xarakterli insan “Rəvan”ın təklifini qəbul etməmişdən öncə gərək düşünərdi ki, hara gedir? O komandada futbol haqda bir şey yoxdu. Klubun indiki rəhbərinin kim olduğunu bilmirəm. Amma dəqiq bilirəm ki, futboldan kənar adamlardı. Biri var ki, futbola hardasa yaxınlığı olsun, ancaq bu, futboldan uzaqdı”.

 

“Rəvan”ın ona borclu olduğunu yada salan Bayramovun fikrincə, Bəhmən Həsənovun hələ də klubdakı fəaliyyətini davam etdirməsinin iki yolu var: “Bu günə qədər hamı o klubdan getdiyi halda, Həsənovun hələ də qalıb işləməsinin səbəbini özü yaxşı bilir. Necə olacağını bilmirəm. O, “Rəvan”a baş məşqçi kimi qayıtmamalı idi. Özü bilər, bir də Allahı. Bu günə qədər “Rəvan”da qalıb işləməsi... “Rəvan” rəhbərliyi mənə dağ çəkib, halal pulumu verməyiblər, haqqımı onlara halal etməyəcəm. Haqqımı tapdaladıqlarına görə axirətdə cavab verəcəklər”.