[b]Kamran Ağayevin qadını döyməsinin təfərrüatı[/b]
11.05.2016 - 14:07
[b]Kamran Ağayevin qadını döyməsinin təfərrüatı[/b]

"İnter"in və millimizin qapıçısı Kamran Ağayevin ötən gecə davada iştirak etməsinin təfərrüatları açıqlanıb. Apasport.az “sport7.az” saytına istinadən xəbər verir ki, komandanın təlim-məşq toplanışında olduğu bir vaxtda bazanı icazəsiz tərk edən qolkiper, restorana yollanıb və xanım müştərilərdən biri ilə mübahisə edib.


Mübahisə nəticəsində Ağayev xanımın üz hissəsinə iki zərbə endirib və müştəri yerə yıxılıb. Ardınca Ağayev təpiklə xanımı vurmaq istəsə də, ətrafdakılar məsələyə müdaxilə edərək, aranı sakitləşdirməyə nail olublar.


Maraqlıdı ki, hadisə Kamran Ağayevə məxsus restoranda baş verib. Nərimanov rayonu ərazisində yerləşən "KN Lounge" adlı restoranın sahibi olan təcrübəli əlcək sahibi işlədilməsi üçün obyekti başqalarına icarəyə verib. Özü də tez-tez ora qəlyan çəkmək üçün yollanır.


Hadisədən xəbər tutan kimi, əməkdaşımız təxminən saat 23:00 radələrində sözügedən restorana yollanıb. Ancaq həmin vaxta qədər Ağayev məkanı çoxdan tərk etmiş, hadisənin şişirdilməməyi üçün minnətçilərini araya salmışdı. Elə bunu da əməkdaşımız canlı şahid olub. 


Düzü, zərərçəkən xanım açıqlama vermək istəmədi. Buna baxmayaraq, xoşagəlməz məsələ ilə gündəmə gəlmək istəməyən xanımı onunla birlikdə xəstəxanaya yollanmamıza razı sala bildik. Xanıma dəyən zərbənin fəsadları ağır ola biləcəyindən təbii ki, müayinəyə ehtiyac var idi. Bunun üçün əvvəlcə 5 saylı xəstəxanaya yollandıq. Ancaq həmin saatda sağlıq ocağında rentgenin olmadığını bildirdilər. Bunun nəticəsində "Semaşko"ya üz tutduq. Rentgendən sonra məlum oldu ki, xanımın almacıq sümüyü zədələnib və üz hissəsində toxumalar əzilib.


Təbii ki, Kamran Ağayev hadisəni təkzib edəcək. Qolkiperdən səmimi etiraf gözləmək də ağılsızlıqdı. Bir qadına əl qaldıran şəxs başqa necə davranmalıdır ki?


Qeyd edək ki, qolkiper Cinayət Məcəlləsinin 128-ci maddəsi (sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə görə, məsuliyyətə cəlb olunmuş şəxs üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

0