[b]Kamran Quliyev: Futbolçular nizam-intizamı itirirlər[/b]
08.12.2014 - 17:33
[b]Kamran Quliyev: Futbolçular nizam-intizamı itirirlər[/b]

“Bu mövsüm artıq kifayət qədər xal itirmişik. Buna çox heyfsilənirəm. Halbuki, indi aktivimizdə ən azı 20 xal olmalı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

 

O, itirilən xalları komandanın təcrübəsizliyi ilə əlaqələndirib: “Elə oyunlar oldu ki, önə keçdiyimiz halda qələbə qazana bilmədik. Mən bunu futbolçuların təcrübəsizliyi ilə əlaqələndirirəm. Çünki gənclər hesabda önə keçən kimi arxayınlaşır, oyun nizam-intizamını itirirlər. Neçə dəfə olub ki, rəqibdən üstün oyun sərgiləsək də, sonda məğlub olmuşuq. Futbolçuların bu qədər tez arxayınlaşması məni razı sala bilməz”.

 

Adətən uduzan komanda hakimi günahlandırır. Azərbaycanda isə bu hal demək olar ki, hər tur təkrarlanır. Amma Kamran Quliyev “Sumqayıt”ın zəif nəticə göstərməsini hakimliklə bağlamır: “Bəzi oyunlarda biz də hakimliklə bağlı iradlarımızı bildirmişik. Xüsusən də, “Qəbələ” ilə matçda. Ancaq epizodlara yenidən baxdıqdan sonra mövqeyimiz Hakimlər Komitəsinin mövqeyi ilə üst-üstə düşüb. Hakimlər də oyunun iştirakçısıdı. Təsiri az-çox olur. Amma uğursuzluqda əsas səbəbkar hakimlər deyil”.

 

Klub prezidenti hazırda 7-ci pillədə yer almalarına baxmayaraq, turnir cədvəlində yenidən irəliləyəcəklərinə inandığını deyib: “Biz çempionatın əvvəlində lider idik. Amma indi liderlər qrupundan çox uzaq düşmüşük. Buna görə də, hər an hər şey ola bilər. Uşaqların nəyə qadir olduğunu dünən bir daha gördük. Cavandılar, yetişmək, inkişaf etmək üçün əllərinə yaxşı imkan düşüb. Qış fasiləsində daha ciddi hazırlıq keçib, yaxşı nəticələr göstərməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasında 15 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

Ruslan SADIQOV