“Futbolu izləyənlər bilirlər ki, “Çelsi” ilə oyunda favorit bizik. Ancaq bu, məsuliyyətimizi daha da artırır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri PSJ-nin kapitanı Tiaqo Silva deyib.
Braziliyalı müdafiəçi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə keçirəcəkləri oyunlar haqda fikirlərini bölüşüb.
O bildirib ki, cari mövsümdə uğursuz çıxışı ilə yadda qalan “Çelsi” Fransa təmsilçisinə problem yarada bilər: “Yaralı rəqib daha təhlükəlidi. Mən də başa düşürəm ki, azarkeşlər bizim görüşü maraqla gözləyirlər. Amma “Çelsi” ilə düşməyimiz üzərimizdəki təzyiqi daha da artırdı. Bu mərhələni keçməyə borcluyuq”.
31 yaşlı futbolçu Çempionlar Liqası matçlarında favoritin olmadığını qeyd edib: “Meydanda hamının şansı bərabər olur. ÇL-də favorit anlayışı keçmir. Ümid edirəm ki, keçən mövsümdə olduğu kimi, yenə bəxt bizim tərəfimizdə olacaq və növbəti mərhələyə adlayacağıq”.