Topaz Premyer Liqasının bu gün keçiriləcək “Bakı” – “Sumqayıt” matçına təyinat alan Əliyar Ağayev ölkə çempionatları tarixində 93-cü dəfə baş hakim funksiyasını yerinə yetirəcək. Apasport.az saytının məlumatına görə, əvvəllər dördüncü hakim və laynsman kimi meydana çıxan FİFA referisi 2009/10 mövsümündə elitada əsas söz sahibi kimi debüt edib.
6 mövsümün 92 görüşündə fit çalan Ağayevin debütü 2009-cu il sentyabrın 12-də olub: “Xəzər Lənkəran” – “Turan” matçında.
Cari mövsümdə 12 görüşün həvalə edildiyi hakim üçün rekord iki il öncəyə təsadüf edib: 2009/10 – 2, 2010/11 – 7, 2011/12 – 18, 2012/13 – 27, 2013/14 – 26.
Ağayevin indiyədək idarə etdiyi 92 oyundan 22-si “Neftçi”nin iştirakı ilə keçirilib. “Ağ-qaralar” 14 ev, 8 səfər qarşılaşmasına onun idarəçiliyi ilə çıxıb.
Həmin görüşlərdə “Neftçi”yə 57, rəqiblərinə 45 sarı vərəqə göstərib. Lakin “ağ-qaralar”ın rəqiblərinin 10 xəbərdarlığı sonda 5 “qırmızı”ya çevrilib. Bakılılar isə yalnız 1 dəfə iki sarı vərəqənin “qırmızı”ya dönməsindən əziyyət çəkib. Futbolçuları 2 dəfə meydandan birbaşa qovulan “Neftçi” ümumilikdə 3, rəqibləri isə 5 qırmızı vərəqə alıb.
Paytaxt təmsilçisi 4, onunla qarşılaşanlar 3 dəfə penalti şansı qazanıb. Lakin hər iki tərəf iki dəfə 11 metrlikdən qol sevinci yaşayıb.
Ağayevin idarə etdiyi 22 qarşılaşmada 10 dəfə 3 xal qazanan “ağ-qaralar” 6 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. “Neftçi” onun idarə etdiyi görüşlərdə 30 qol vurub, 17-ni buraxıb.
Topaz Premyer Liqasının XX turunda keçirilən “Neftçi” – “Simurq” matçından (0:0) sonra “ağ-qaralar” hakim idarəçiliyindən narazı qalaraq, video-rolik hazırlamışdılar. Bundan əlavə, klub matçın referisi Əliyar Ağayevi “Neftçi”yə qarşı qərəzli mövqe tutmaqda ittiham etmişdi. Halbuki, statistika bunu demir. Göründüyü kimi, Ağayev “Neftçi” ilə müqayisədə rəqiblərini daha çox qırmızı vərəqə ilə cəzalandırıb. Onun təyinat aldığı matçlarda “Neftçi”nin lehinə daha çox penalti təyin olunub, nəinki əleyhinə.
Ağayevin idarə etdiyi oyunların demək olar ki, yarısında “Neftçi” qələbəyə sevinib və 22 oyundan 6-da məğlubiyyətlə üzləşib. Belə olan halda, bu hakimin “Neftçi”yə qarşı hansı qərəzindən söhbət gedir?
Hakimlər bəhanə üçün ən münasib insanlardı. Uğursuz nəticə olan kimi, əksər klub nümayəndələri onları günahlandırırlar. Ancaq yaxşı olar ki, hansısa hakimi qərəzlilikdə ittiham etməmişdən öncə onun idarə etdiyi oyunların statistikasına nəzər salsınlar. Əsassız ittihamla kimisə günahlandırmaq peşəkar kluba yaraşmaz.