[b]Kimdir haqlı: Prosineçki, yoxsa Əsədov?[/b]
23.02.2015 - 16:01
[b]Kimdir haqlı: Prosineçki, yoxsa Əsədov?[/b]

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Neftçi”də az şans qazanmasından gileyləndiyi Ruslan Qurbanov cari mövsüm 11 çempionat matçında meydançada olub. Apasport.az saytının məlumatına görə, Qurbanov cari mövsüm 21 görüşün tən yarısında “ağ-qaralar”ın formasını geyinməyib.

 

Nəticəsi ləğv edilən “Araz Naxçıvan”la I tur oyununda 90 dəqiqə iştirak etmiş yığmamızın hücumçusu icarəyə verildiyi “Hayduk”a yollandığı üçün də XXIII turda “Qarabağ”la qarşılaşmada oynamayıb. O, 11 oyunun 6-da meydana start heyətində daxil olub və yalnız 1 dəfə görüşü əvəz edilmədən tamamlayıb. Gənc oyunçu bu mövsüm ümumilikdə 630 dəqiqə meydançada qalıb, bu müddətdə aktivinə 3 qol yazdırıb.

 

Qeyd edək ki, Robert Prosineçki Ruslan Qurbanovun “Neftçi”də az oynadılmasından şikayətlənsə də, bakılıların baş məşqçisi Arif Əsədov saytımıza açıqlamasında 24 yaşlı forvarda kifayət qədər şans verdiyini deyib.