[b]Klublar Komitəsi hansı qərarları verib?[/b]
01.05.2018 - 15:09
[b]Klublar Komitəsi hansı qərarları verib?[/b]

“Bugünkü iclasda həm AFFA ilə klublar arasında olan münasibət, həm də aşağı liqalarla bağlı məsələlər müzakirə olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev deyib.

 

Bu gün baş tutan iclasdan sonra brifinq keçirən Quliyev müzakirə olunan və qərar verilən məsələrdən danışıb.

 

Komitə sədri müzakirə edilən məsələləri aşağıdakı qaydada sıralayıb:

 

- Avropada belə bir təcrübə var ki, böyük şirkətlə müqavilə bağlanılır və həmin  şirkət çempionatı toplarla təmin edir. Bir neçə iclas əvvəl AFFA-ya müraciət etmişdik. Assosiasiya bu gün məlumat verdi ki, gələn mövsümdən AFFA-nın “Nike” şirkəti ilə əməkdaşlığı olacaq və bütün komandalara bu şirkətin topları pulsuz paylanılacaq.

 

- Dünya nəhəngi olan “InStat” şirkəti AFFA ilə müqavilə imzalayıb. Hər kluba ehtiyacı olan statistik məlumatlar veriləcək. Assosiasiyanın dəstəyi sayəsində kublar hər il 13-14 min avro pula qənaət edəcəklər.

 

- Yayımla bağlı məsələ qaldırılmışdı ki, həftəiçi keçirilən matçlar erkən saatda oynanılmasın. Gərək azarkeşlərin marağına dair qərar verək. Oyunlar həftəiçi saat 3-4-də keçirilə bilməz. Çünki azarkeşlərin stadiona axını bizim üçün vacibdi. Bu məsələ müzakirə olunacaq.

 

- Aşağı yaş qrupunda bir neçə liqanı eyni gündə keçirmək məsələsi müzakirə olundu. Bu da klubların vəsaitinə qənaət yoludu. AFFA-ya müraciət etdik ki, U-15 və U-17 liqalarda həftəiçi keçirilən oyunların günləri eyni olsun. Bununla bağlı eksperiment olacaq. Əgər uğurlu olsa, gələn mövsümdən digər liqalar da birləşə bilər. Texniki məsələlərə baxılacaq və təqdim şəklində klublara göndəriləcək.

 

- Bildiyiniz kimi, Gənclər Liqasının qalibi Avropada ölkəmizi təmsil edir. U-19 liqanın gücləndirilməsi məsələsi səsləndirildi. Yəni yaşca böyük olan bir neçə futbolçunun iştirak ərizəsinə salınması... Premyer Liqada hazırda yaş limiti var. Təklif olundu ki, Gənclər Liqasının formatında da dəyişiklik olunsun. Bu da əvəzedicilər arasında çempionatın keçirilmə məsələsini bir qədər sual altına salır. Amma bu barədə hələ müzakirələr gedir. Klublar arasında yazışmalar gedəcək. Məqsəd U-19 liqanı gücləndirməkdi. Çünki bu liqanın çempionu ölkəmizi Avropada təmsil edir. Klublar bununla bağlı narahatdı. Çünki bu yaş qrupunda rəqabət, çempionatın səviyyəsi güclü deyil. Avropa arenasındakı nəticələr də buna sübutdu.

 

- Gələn mövsüm Premyer Liqanın hazırkı limitlə davam etməsini təklif edəcəyik. Bu, sadəcə, klubların fikridi. 1998-99-cu il təvəllüdlü oyunçuların limitə düşməsi fikri səsləndirildi. Qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək.

 

- Aşağı yaş qruplarında final mərhələsinə vəsiqə qazana bilməyən komandaların futbolçularının digər klublara icarəyə verilməsi məsələsi müzakirə olundu. Əgər hansısa yeniyetmə perspektivli futbolçudusa və komandası mübarizəni dayandırıbsa, 6 ay futbolsuz qalmaq ehtimalı yaranacaq. Amma o uşağın qarşısını almaq doğru olmaz. Həmin istedadlı uşağın final mərhələsində başqa klubun formasını geyinməsi daha yaxşı olardı. Çünki aşağı yaşlarda nəticə bizim üçün önəmli deyil. Həmin istedadlı yeniyetmənin nə vaxtsa milliyə yüksəlməsi bizim üçün əsas nəticə olar. Bu məsələni dəyişilməz olaraq saxlamaq qərarına gəldik.

 

- I divizionla əvəzedicilərin birləşməsi məsələsində konkret fikir yoxdu. Bəzi klublar bunun əleyhinədi. Müxtəlif fikirlər səsləndirildi. “Neftçi” klubu olaraq bizim bir etirazımız yox idi. Halbuki belə qərarlar səs çoxluğu ilə qəbul olunur. Bir məqam var ki, I divizionda problemlər çoxdu. Söhbətin nədən getdiyini yaxşı bilirsiniz. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal olmaz. Bu, bizim üçün də risklidi. İdman məsələləri baxımından uşaqların özlərindən nisbətən böyük yaşda futbolçulara qarşı oynaması yaxşıdı. Klubların çoxu bunu dəstəkləmədiyi üçün hələlik bu məsələ donduldu. Qarşıdakı iclaslarda buna qayıdacağımıza inanmıram.

 

- Avrokuboka vəsiqə qazanan komandalar püşkatmadan sonra yeni transferlərdə viza problemi ilə üzləşirlər. Bununla bağlı AFFA-ya müraciət olunub. AFFA bu işdə bizə dəstək verəcək. Əgər vizanın alınmasında hər hansı bir problem yaransa, klublar AFFA-ya müraciət edəcək və qurum da əməkdaşlıq etdiyi səfirliklərlə işi sürətləndirmək üçün təmasa keçəcək.