“Valeri Kutsenkoya yayda baş məşqçi Tərlan Əhmədov baxmışdı. Sadəcə, həmin vaxt seçim Luis Ramosun üzərində oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.
“Təyyarəçilər”in hələ ötən yaydan maraqlandığı ukraynalı yarımmüdafiəçi Valeri Kutsenko artıq komandaya qoşulub. Lakin Yusifov bildirib ki, 28 yaşlı oyunçu birbaşa müqavilə üçün gəlməyib: “Bildiyiniz kimi, Con Kordoba və Tomi Kostadinovla yollarımızı ayırmışıq. İndi yarımmüdafiənin mərkəzində boşluq yaranıb. Baş məşqçinin təqdimatı əsasında da bu mövqe üçün Kutsenko dəvət olunub. Futbolçu dünəndən burdadı, bu gün ilk məşqinə çıxacaq. Baxışdan uğurla keçsə, yəqin ki, 2-3 gün ərzində onunla müqavilə imzalanacaq. Ən azı bir oyununa baxılacaq”.
AZAL-ın mətbuat katibi bununla da transfer fəaliyyətini yekunlaşdıracaqlarını vurğulayıb: “Əgər Kutsenko ilə müqavilə imzalansa, bununla da AZAL-ın qış transferi yekunlaşacaq. Kutsenko bəyənilməsə, o zaman bu mövqe üçün başqa əcnəbi futbolçu dəvət edəcəyik. Başqa heç bir mövqeyə oyunçu alınmayacaq. İstedadlı gənc yerli oyunçu olsa, bəlkə heyətə cəlb etdik. Amma başqa əcnəbi transferi olmayacaq”.
Qeyd edək ki, Valeri Kutsenko Ukraynanın U-17 və U-19 millilərində ümumilikdə 6 oyun keçirib. Peşəkar karyerasına “Dnepr”də başlayan 28 yaşlı futbolçu vətənində “Obolon”, “Krivbass” və “Vorskla”nın da şərəfini qoruyub. Xavbek Belarusda legioner həyatı da yaşayıb: əvvəlcə “Brest”, sonra isə “Minsk”in şərəfini qoruyub. Onun son klubu Latviya “Dauqava”sı olub.
Ruslan SADIQOV