Milli komandanın məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamız növbəti oyununu Norveçə qarşı keçirəcək. Milliyə kimləri dəvət edəcəyini məşqçilər korpusu müəyyənləşdiribmi?
- Hələ çempionatın sonuna 6 tur var. Həmin oyunları da izlədikdən sonra heyəti açıqlayacağıq. Düzdü, millinin məşqçiləri ilə öz aramızda bu barədə danışırıq. Ancaq hələ siyahı tərtib olunmayıb. Bir də ki, Robert Prosineçkinin özü də futbolçuları yaxşı tanıyır. Oyunları izləyir və hər birinin potensialına bələddi.
- “Zenit”in futbolçusu Ramil Şeydayevlə bağlı son durum nə yerdədi? Onu millimizdə görə bilərikmi?
- Biz də onu millidə görmək istəyirik. Özünə xəbər vermişik. Ramil Rusiyanın aşağı yaş qrupları üzrə yığmasında çıxış edir. Düzdü, bu, Azərbaycan millisində oynamasına problem yaratmaz. Sadəcə, seçim etməlidi.
- Rusiya, Ukrayna və digər ölkələrdə Azərbaycanla bağlılığı olan futbolçuların axtarışı davam edirmi?
- Hamımız axtarışdayıq. Bu işlə məşğul olanlar var. Elə azərbaycanlı olsa, milliyə cəlb edəcəyik.
- Yəqin ki, legioner həyatı yaşayan futbolçularımız da diqqətdə saxlanılır…
- Əlbəttə ki. Ölkədən kənarda çıxış edən futbolçuları da nəzərdə saxlayırıq. Onların durumları ilə yaxından maraqlanırıq.
- İndiki vəziyyətdə millinin problemli mövqelərindən biri, bəlkə də birincisi, hücumdu. Hər halda, cinah yarımmüdafiəçisi Vüqar Nadirovun mərkəz hücumçusu ampluasında çıxış etməsi məcburiyyətdəndi. Norveçlə oyunöncəsi alternativ variantlar barədə düşünürsüzmü?
- Vüqar futbola məhz hücumçu kimi başlayıb və uzun müddət həmin mövqedə çıxış edib. Mərkəz hücumçusu mövqeyi onun üçün yad deyil. Başqa variantlar deyəndə ki, olanımızdan istifadə edirik. Biz də istərdik ki, seçim imkanımız çox olsun.
- Robert Prosineçki də daxil olmaqla, millinin məşqçilər korpusu bu gün keçirəcək “İnter – “Neftçi” matçını tribunadan izləyəcək. Bu, Norveçlə oyuna “Neftçi”nin futbolçularının da çağırılacağına işarə deyilmi?
- Baş məşqçi də bunu deyib ki, yığmanın qapısı hər bir futbolçunun üzünə açıqdı. Bu, “Neftçi”nin üzvlərinə də aiddi. Kim özünü yaxşı tərəfdən göstərsə, milliyə dəvət alacaq. Yığma hər həftə yox, 1-2 aydan bir oyun keçirir. Bu mənada, futbolçuları dəvət edəndə onların hazırlıq durumlarını, oyun praktikalarını nəzərə alırıq.
- Norveçlə matçdan öncə millimizin Serbiya ilə yoxlama oyunu keçirəcəyi dəqiqləşibmi?
- Xeyr. Hazırda onlardan cavab gözləyirik. Biz istəyirik ki, Norveçlə oyundan öncə yoxlama matçı keçirək. Görüşün iyunun 6-7-də olmasını planlaşdırırıq. Hazırlığa isə bu dəfə tez başlayacağıq. Yalnız kubokun finalında çıxış edəcək komandaların üzvləri toplanışa gec qatılacaqlar.
- Futbolçu karyeranızda Norveç tipli komandalarla az qarşılaşmamısız. Sizcə, millimiz bu cür rəqibə qarşı hansı taktika ilə oynamalıdı?
- Çətin oyun olacaq. Norveç aqressiv, atletik, texnikalı futbola üstünlük verir. “İkinci mərtəbə”də də yaxşı oynayırlar. Rəqibin güclü cəhətlərinə fikir verməliyik.
Tengiz MƏMMƏDOV