“Fikrimcə, Rusiya yığmasının baş məşqçisinin yanaşmasında heç bir dəyişiklik olmayacaq. Neçə illərdir ki, Fabio Kapello qazandığı don Fabio adı ilə tanınır. Düşünmürəm ki, o, kardinal dəyişikliklər edəcək”. Apasport.az saytının məlumatına görə, bunu Moskva MOİK-inin sabiq müdafiəçisi Maksim Bokov deyib.
Hazırda MOİK-də uşaq məşqçisi kimi işləyən Bokov seçmə mərhələdə heyətdə yeniliklər ola biləcəyini bildirib: “Ondan köklü dəyişikliklər gözləmək lazım deyil. Rusiya yığması qələbəyə oynayacaq, ancaq oyununun xarakteri əvvəlki tək qalacaq. Biz yalnız heyət baxımından nəsə yenilik gözləyə bilərik. Yeni oyunçular peyda ola bilər, ancaq taktiki sxem dəyişməyəcək. Kapellonun təbliğ etdiyi sxem üzrə futbolçuların dəyişdirilməsi nəticə verə bilər. Yeni futbolçular üzə çıxacaq. Sistem keçmişdəki kimi qalacaq, ancaq bu sistemdə futbolçulara yanaşma hər şeyi dəyişə bilər”.
41 yaşlı məşqçi Rusiya – Azərbaycan oyununa da proqnoz verib: “Rusiya yığmasının Azərbaycanla bugünkü qarşılaşmasına gəlincə, fikrimcə, böyükhesablı qələbə olmayacaq. Mənə elə gəlir ki, komandamız 2:0 hesabı ilə qələbə qazanacaq”.
Qeyd edək ki, Rusiya ilə millimiz arasında keçiriləcək yoldaşlıq görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.