[b]Maksim Medvedev: “Nomrə 1” olduğumuz hiss olunurdu - MÜSAHİBƏ[/b]
22.04.2016 - 22:51
[b]Maksim Medvedev: “Nomrə 1” olduğumuz hiss olunurdu - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “İnter”lə oyundan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev apasport.az saytının əməkdaşının da suuallarını cavablandırıb.

 

- Asan qələbə qazandığınızı demək olarmı?

- Bizim üçün vacib oyun idi. Buna görə də ciddi hazırlaşmışdıq. Səhv etmək istəmirdik. Ən yaxın izləyicimizlə xal fərqimiz az deyil. Bu fərqi qorumaq istəyirik. Oyunumuz alındı, topu özümüzdə çox saxladıq. Meydanda “nomrə 1” olduğumuz hiss olunurdu.

 

- Bəlkə “İnter” ölkə kubokunu düşündüyünə görə meydanda çox əziyyət çəkmədi?

- Bu, onların işidi. İstəyir bir “cəbhə”də mübarizə aparsınlar, istəyir iki.

 

- Bu, sizi arxayınlaşdırmayacaq?

- Ola bilsin, kubok oyununa daha güclü heyətlə çıxsınlar və bizim üçün çətin olsun. Onu zaman göstərəcək. Amma arxayınlaşmaq mümkün deyil.

 

- Bəs “Qarabağ” seçim edibmi?

- Biz hər iki mükafata sahib çıxmaq istəyirik. Hər ikisi vacibdi. Ancaq qələbə üçün yarışacağıq. Seçim etməyi düşünmürük.

 

- Artıq “Qarabağ” rəqibsizdi. Oyunları asanlıqla lehinizə çevirirsiniz. Rəqiblərin müqavimət göstərməməsi sizi narahat etmir?

- Əvvəl mövsümü 14-15 nəfərlə keçirirdik, amma bu gün geniş heyətimiz var. Baş məşqçinin əlinin altında seçim imkanları çoxdu. Meydanda hansısa futbolçunu yoxluğunu hiss etdirməyəcək futbolçularımız var və hər dəqiqə oyuna qoşulmaq üçün hazır dayanıblar. Normal mübarizə aparırıq. Amma rəqabət aparmırlar fikri ilə razılaşmıram. Ola bilsin, “Qarabağ” oyunu ilə seçilir. Rəqabət olmasaydı, passivimizdə 3 yenilgi olmazdı. Biz də səhvlər edirik, uduzuruq.

 

- Mövsümün sonuna yaxınlaşırıq və cəmi 5 tur qalıb. 3 məğlubiyyəti özünüz üçün çox hesab edirsiniz?

- Az məğlub olduğumuza görə sevinirəm. Əvvəlki illərlə müqayisədə yenilgilərimizin sayı da azalıb. Az top buraxmağa və çox qol vurmağa çalışırıq.

 

- Qalan oyunları demək olar ki, süni örtüklü meydanda keçirəcəksiniz. Bu, sizin üçün problem yarada bilərmi?

- Süni meydanda oynamaq çətindi. Çalışacağıq ki, özümüzü zədədən qoruyaq. Təbii meydanda oynamağı daha çox istəyirik. Digər yandan avrokubok oyunlarını da süni örtükdə keçirmişik. Yadınızdadırsa, “Gefle”, “Portdaun”la da belə meydançda oynadıq.

 

- Maraqlıdı, indiyə qədər sizin adınıza transfer xəbərlərində rast gəlməmişik. Niyə digər futbolçular kimi sizin hansısa kluba keçəcəyiniz haqda yazılmır?

- Uşaq vaxtdan bu klubda oynayıram və bura mənə doğmadı. İndiki və gələcək vəziyyətimi bu klubla bağlı qurmuşam. “Qarabağ” ikinci evimdi. Klubda daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ona görə başqa kluba keçməkdə maraqlı deyiləm. Təklif gələndə də “yox”deyirəm.

0