“Komandamız mənəvi dəyərlərə qiymət verdiyini toparlanmaqla nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç deyib.
Ölkə çempionatının “Radniçki” ilə səfər matçında 4:1 hesablı qələbədən danışan mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə görüşündə də yaxşı nəticə qazanmaq iddiasını açıqlayıb.
O bildirib ki, klubdaxili problemlər futbolçulara özlərini yaxşı tərəfdən göstərməyə mane olmayacaq: “Futbolçular göstərdilər ki, müqavilə ilə bağlı olduqları komandanın uğuru üçün hər şey edə bilərlər. Ümid edirəm ki, “Neftçi” ilə oyunda da belə olacaq. Bu müsbət əhval-ruhiyyəni həmin matçda da saxlayacağıq. Hesab edirəm ki, avqustun 21-dəki matçdan sonra da yetirmələrimdən razı qalacam”.
Qeyd edək ki, maaşlarını ala bilməyən “Partizan” futbolçuları bir neçə gün əvvəl qiyam edərək, məşqə çıxmamışdılar.