Xorvatiyalı mərkəz müdafiəçisi Tomislav Puljiç qış transfer dönəmində Azərbaycana köçə bilərmiş. Apasport.az saytı xəbər verir ki, İsveçrənin “Lütsern” klubunda çıxış edən 32 yaşlı futbolçunun gəlişi son anda baş tutmayıb.
Xorvatiya mətbuatının yaydığı xəbərə görə, Puljiçin ötən ay ölkəmizə gəlişi an məsələsi olub.
Belə ki, “Lütsern”də əsas heyətə düşə bilməyən təcrübəli oyunçu hətta bir ara komandasından ayrı qalıb. Fiziki formasını itirməmək üçün doğma şəhəri Zardarda fərdi məşq edən Puljiç bir tərəfdən də Azərbaycanın adı açıqlanmayan klubu ilə danışıq aparırmış.
Lakin “Lütsern”də baş məşqçi dəyişikliyi onun bura gəlişini əngəlləyib. Belə ki, yeni baş məşqçi Markus Babbel onun yenidən kollektivə qoşulmasını istəyib. Uzun fasilədən sonra fevralın 7-də İsveçrə Superliqasının 19-cu turu çərçivəsində “Yanq Boyz”la görüşdə meydana çıxan Puljiç 83-cü dəqiqədə vurduğu 1 qolla komandasına 1 xal (1:1) qazandırıb.
Qeyd edək ki, Tomislav Puljiç 2010-cu ildən “Lütsern”in şərəfini qoruyur.