[b]Məşhurlar “Yuventus” – “Barselona” matçı haqda: Messinin qol vura bilmədiyi yeganə qapıçıyam[/b]
11.04.2017 - 15:54
[b]Məşhurlar “Yuventus” – “Barselona” matçı haqda: Messinin qol vura bilmədiyi yeganə qapıçıyam[/b]

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə “Yuventus” – “Barselona” matçına maraq daha böyükdü.

 

Komandaların hazırkı və sabiq üzvləri oyundan öncə matçla bağlı fikirlərini bölüşüblər.

 

Massimiliano Alleqri (“Yuventus”un baş məşqçisi): “Birinci oyunu öz meydanında keçirirsənsə, qol buraxmamalısan. Amma “Barselona” ilə matçda bunu bacarmaq çox çətindi. Buna görə də, rəqibdən daha çox qol vurmağa çalışmalıyıq. “Barselona” ilə duellərdə iki qolsuz bərabərliyə və penaltilər seriyasındakı qələbəyə ümid edə bilməzsən. “Barsa”nın ötən mərhələdəki geridönüşü sübut etdi ki, futbolda, özü də bu cür rəqiblərlə oyunlarda hər şey mümkündü. Biz psixoloji baxımdan çox irəliləmişik. Yarımfinala adlamaq üçün iki ideal oyun keçirmək lazımdı. Bununla yanaşı, bəxtimiz də gətirməlidi”.

İndiki məqamda heç bir komanda “Barsa” ilə duelə çıxmaq istəməzdi. Onu da deyim ki, İtaliya komandalarına da qarşı oynamaq hər zaman çətin olub

Canluici Buffon (“Yuventus”un kapitanı): “Barselona”nın PSJ ilə oyunu bizi başa saldı ki, futbolda hər şey mümkündü. Həmin matçda qeydə alınan hesab həm idman, həm də sosial baxımdan bizim üçün yaxşı dərsdi. “Barselona”nın digər futbolçularına hörmətsizlik kimi çıxmasın, amma Messi, Neymar və Suares kimi futbolçuları varsa, rəqibin hücum xəttinə xüsusi diqqət ayırmaq lazımdı. Onlar bir-birlərinə kömək edir, məhsuldar ötürmələr verir, komanda üçün oynayır və bundan həzz alırlar. Kağız üzərində “Barselona” bütün rəqiblərindən güclüdü. Bu cür futbolçulara sahib olmağı hər məşqçi istərdi. Övladlarım Messi və Neymara heyrandılar. Bu isə məni yalnız sevindirə bilər. Deməli, uşaqlarımın yaxşı zövqü var. Messinin qol vura bilmədiyi yeganə qapıçıyam. Bunu bilirdim, amma artıq unutmuşam. Messi ilə meydanda tez-tez qarşılaşmadığıma görə bəxtim gətirib”.

 

Daniel Alveş (“Yuventus”un braziliyalı müdafiəçisi): “Uzun illər formasını geyindiyim “Barselona”ya qarşı oynayacağam. Bu, qəribə hissdi. Onların mənim üçün darıxdıqlarından əminəm. Düşünürəm ki, mənə peşəkar futbolçu və əhval-ruhiyyəni qaldıran, öz rəqsləri ilə hər oyunu xüsusi edən insan kimi təşəkkür edirlər. Mən komandanın soyunub-geyinmə otağına sevinc hissi gətirmişdim. Sabiq komanda yoldaşlarımla tez-tez əlaqə saxlayıram. Onlar deyirlər ki, ən çox xoş xasiyyətim üçün darıxıblar”.

 

Qonsalo İquain (“Yuventus”un argentinalı hücumçusu): “Futbol hamının hesabdan sildiyi komandanın ¼ finala adladığı qədər gözlənilməzdi. “Barselona” meydana özünəəmin şəkildə çıxacaq. Onların PSJ ilə ilk matçda buraxdıqları səhvləri təkrarlayacağını gözləməyə dəyməz. Çünki “Barsa” həmin görüşdə açıq-aşkar özündə deyildi. Həmin halın bir daha yaşanacağına inanmıram. Bir dəqiqə də olsun, tempdən düşməməliyik”.

 

Luis Enrike (“Barselona”nın çalışdırıcısı): “Yuventus”un statistikası insanda xoş təəssürat yaradır. Onlar öz tarixlərinin əla dövrünü yaşayırlar. Buna görə də, keyfiyyətli oyun göstərməliyik. Evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, bu cür rəqibə qarşı sona qədər mübarizə aparmalıyıq. Hazırkı “Yuventus” 2 il öncəki “Yuventus”dan güclüdümü? Komandanın səviyyəsi, demək olar ki, eynidi. Həmin heyətdən bir neçə oyunçu gedib, amma yeni gələnlər də heyətə güc qatıblar. “Yuventus” yüksək səviyyəli komandadı”.

 

Xavyer Maskerano (“Barselona”nın argentinalı müdafiəçisi): “İki il əvvəlki nəticəni heç kim dəyişə bilməz. Amma heç birimiz “Yuventus”la oyuna həmin hesabı düşünərək, hazırlaşmamışıq. Hamımız istəyirik ki, yaxşı futbol sərgiləyək və layiq olduğumuz qiyməti alaq. İlk oyun səfərdə keçiriləcək və biz bu görüşdə müsbət nəticəyə imza atmaq arzusundayıq”.

 

Xavi (“Barselona”nın keçmiş kapitanı): “Yuventus”la keçirdiyimiz sonuncu oyundan sonra “Barselona”da dəyişiklik az olub. Rəqibin heyətində isə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. İndi “Yuventus”un İquain, Mandzukiç, Alveş və Dibala kimi futbolçuları var. Əvəzində yarımmüdafiə xəttində Poqba, Vidal və Pirlo kimi oyunçuları yoxdu. “Yuventus”la qarşılaşanda rəqibə onların oyun tərzi yox, müdafiə xətti problem yaradır. Amma “Barselona”nın uğura imza atmaq üçün hər cür imkanı var. Luis Enrike taktiki cəhətdən əla məşqçidi”.

 

Erik Abidal (“Barselona”nın sabiq futbolçusu): “Barselona” PSJ ilə cavab görüşündə geridönüş etməklə, yenidən özünü sübuta yetirdi. İndiki məqamda heç bir komanda “Barsa” ilə duelə çıxmaq istəməzdi. Onu da deyim ki, İtaliya komandalarına da qarşı oynamaq hər zaman çətin olub. “Yuventus”un hədəfi Çempionlar Liqasının qalibi olmaqdı. Onlar 2 il öncə bu turnirin finalına yüksəlsələr də, həmin vaxt “Barselona” qələbə qazanmışdı. İtalyanlar bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar”.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması isə aprelin 19-da keçiriləcək.

 

 

 

0