Zədəsini sağaldaraq sıraya dönən “Barselona”nın futbolçusu Lionel Messi 2 gün sonra Madrid “Real”ı ilə keçiriləcək görüşə əsas heyətdə çıxmayacaq. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu ilk “11-lik”də deyil, ehtiyat oyunçular skamyasında yer alacaq.
Buna səbəb Messinin “El-Klasiko”da 90 dəqiqə oynamağa hazır olmamasıdı. 28 yaşlı futbolçu bu barədə məşqçilər korpusuna məlumat verib və ilk dəqiqələrdən meydana çıxmasının onun üçün riskli ola biləcəyini vurğulayıb.
İspan həmkarlarımızın fikrincə, ehtiyatda qalacaq Messi zərurət yaranacağı təqdirdə, sonradan oyuna daxil ola bilər. İşlər qaydasında gedəcəyi halda isə təcrübəli hücumçunun meydana girəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, noyabrın 21-də keçiriləcək “El-Klasiko” “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.