[b]Millimiz 3-cü pillədə: Əlvida, mundial![/b]
05.09.2017 - 00:39
[b]Millimiz 3-cü pillədə: Əlvida, mundial![/b]

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə C qrupunun VIII turu Azərbaycan milli komandası üçün həlledici rol oynayıb. Apasport.az saytının məlumatına görə, yığmamız San-Marinonu 5:1 hesabı ilə məğlub etsə də, final mərhələsi şansı ilə rəsmən vidalaşıb.

 

Seçmə oyunların uğurlu startından sonra ümidlənən, VIII turadək isə mundiala getməyə nəzəri şansları olan Robert Prosineçkinin yetirmələri üçün bu xəyal artıq sona çatıb. Düzdü, komandamız tarixinin ən yüksək göstəricisinə imza ataraq 10 xal toplayıb. Bu da yığmamızın 3-cü pilləyə qədər irəliləməsi üçün yetərli olub. Lakin 3-cü pillə yalnız təsəlli və şəxsi rekord ola bilər.

 

Mundiala gedən qatar isə artıq əlçatmazdı. Çünki 2-ci pillədə olan Şimali İrlandiya Çexiya ilə matçda uduzmayıb. 2:0 hesabı ilə qalib gələn britaniyalılar 19 xal toplayıb. Finişə 2 tur qalmış ilk iki yerdən birini təmin edən Şimali İrlandiya Rusiyadakı yarışa birbaşa vəsiqə üçün 24 xallı Almaniya ilə mübarizə aparacaq. 2-ci yerin sahibi pley-offa qüvvəsini sınayacaq.

 

Göründüyü kimi, Çexiyanın məğlubiyyəti millimizi 3-cü sıraya qaldırsa da, həm özünün, həm də bizim mundial şanslarımızın üstündən xətt çəkib. Yığmamızın irəliləməsində isə təkcə Çexiya deyil, həm də Norveçin xal itkisi rol oynayıb. Növbəti turun Çexiya ilə Bakıdakı görüşü isə formallıq daşıyan üçüncülük üçün savaş olacaq.

0