[b]Millimizdən kənarlaşdırılan məşqçi: Ağızlarına gələni danışırlar...[/b]
25.12.2014 - 17:44
[b]Millimizdən kənarlaşdırılan məşqçi: Ağızlarına gələni danışırlar...[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında köməkçi məşqçilərin dəyişdirilməsi müxtəlif söz-söhbətlərə yol açıb. Apasport.az xəbər verir ki, Nadir Şükürov və Səttar Əliyevin vəzifələrindən getməsi baş məşqçi Mirbağır İsayevlə əlaqələndirilir.

 

Səttar Əliyevin futbolçularla, Nadir Şükürovun isə baş məşqçi ilə münasibətinin qaydasında olmadığı iddia edilir. İsayevin əməkdaşımızla söhbətində “Niyə ayrıldıqlarını özləri desələr yaxşı olar” söyləməsi də “torbada pişik olmasından” xəbər verirdi.

 

Apasport.az saytı olaraq, U-17 millisindən ayrılan hər iki mütəxəssislə əlaqə saxladıq. Eyni vaxtda həm də “Neftçi”nin əvəzedici heyətində məşqçi kimi fəaliyyət göstərən Səttar Əliyev yayılan xəbərlərə qəzəblənib: “Kim deyir ki, mən futbolçularla münasibət qura bilmirəm? Zəng edib, fikrimi öyrənə bilərdilər də. Ağızlarına gələni danışırlar. Yığmadan ayrılmağımın səbəbi tam başqadı. Bu yaxınlarda futbol oynayanda zədələnmişdim. İndi heç normal yeriyə bilmirəm. Belə vəziyyətdə iki işi bir yerdə görmək çətin olar. Buna görə də, ayrılmağı məqsədəuyğun bildik”.

 

Nadir Şükürov isə qarşılıqlı razılıqla yığmadan getdiyini deyib: “Mirbağır müəllimlə oturub söhbət etdik, qarşılıqlı razılıqla da belə qərara gəldik. Onunla çox yaxşı münasibətim var. Aramızda heç bir problem ola bilməz. Yığmanın elit-raunda vəsiqə qazanmasında əməyimizin olması qürurvericidi. İnşallah, komandamız ordan da final mərhələsinə yüksələr”.

 

Qeyd edək ki, U-17 yığmamızda Nadir Şükürovla Səttar Əliyevi müvafiq olaraq Vladimir Miçoviç və İsmayıl Məmmədov əvəz edib.

 

Ruslan SADIQOV