Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə ən yaxşı bombardirləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Xorvatiyada keçirilən II qrupda mübarizə aparan Azərbaycan millisinin futzalçısı Borqes Eduardo bombardirlər siyahısına şərikli başçılıq edir.
Milliləşən legionerimizin hesabında 6 qol var. Moldova yığmasının oyunçusu Kristian Obada, portuqaliyalı Kardinal və isveçli Dan Monell də eyni sayda qola imza atıb.
5 qol vurub 5-ci yerə şərik olan 7 oyunçu arasında da təmsilçimiz var. Bu, yığmamızın təcrübəli üzvü Vitali Borisovdu.
Qeyd edək ki, İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, Xorvatiya ilə heç-heçəyə (4:4) nail olaraq, qrup qalibi olan yığmamızın digər qollarına Fernando Amadeu, Sezar Auqusto, De Araujo Fineo (hərəsi 2), Ramiz Çovdarov, Sergey Çuykov (hərəsi 1) imza atıblar.