Azərbaycan milisinin futbolçusu Tuğrul Eratın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə Almaniyanın II Bundesliqasında çıxış edən Düsseldorf “Fortuna”sında keçirən həmyerlimiz bu komandada qalmağa qərar verib.
Erat bu mövsüm əsas komandasına debüt etdiyi Düsseldorf klubu ilə yeni müqavilə imzalayıb. Tuğrul daha iki il “Fortuna”nın uğurları üçün çalışacaq. İmzalanma mərasimindən sonra yığmamızın üzvü klubdan qalmasından məmnunluğunu açıqlayıb: “Peşəkar karyeramı başladığım klubla daha iki illik müqavilə imzaladığım üçün xoşbəxtəm. Bu klubda oynadığım müddətdə başa düşdüm ki, komandamızın fantastik azarkeşləri var”.
Klubun idman direktoru Helmut Şulte də Eratın “Fortuna”da qalmasına münasibət bildirib: “Erat komandanın çox ağır günlərində bizə kömək etdi. Komandadakı durumun sabitləşməsində də bunun rolu az olmadı. Klubumuzun öz yetirməsinin əsas komanda düşməsi isə işlərin yaxşı getməsindən xəbər verir”.
Qeyd edək ki, mövsümün gedişində “Fortuna”nın U-23 komandasında əsas heyətə cəlb olunan Erat II Bundesliqada 12 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə verib.