Rusiyanın paytaxtı Moskvada yaxın keçmişin tanınmış futbolçularının iştirakı ilə “Əfsanələr Kuboku” adlı ənənəvi turnir start götürəcək. Apasport.az saytı xəbər verir ki, yaşı 35-dən yuxarı olan keçmiş futbolçuların qatılacağı turnirə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko da dəvət alıb.
Bu barədə Rusiya mətbuatına açıqlamasında bir vaxtların məşhur hücumçusu Yeqor Titov məlumat verib: “Turnirin təşkilatçısı mən deyiləm. Amma onu deyə bilərəm ki, mənimlə yanaşı, Dmitri Aleyniçev, Dmitri Ananko və Aleksandr Filimonov kimi futbolçular da bu turnirdə iştirak edəcək. Ukrayna yığmasının əvəzinə bu dəfə “Ulduzlar yığması” turnirə qatılacaq. Bu komandada Niqmatullin, Bulıkin, eyni zamanda braziliyalılar – Aldair, Serjinyo, italiyalı Marko Delvekkio, finlandiyalı Yuri Litmanen, fransalı İbrahim Ba və azərbaycanlı Dmitri Kramarenko da yer alacaq”.
Titov çempionluğa əsas namizədlər sırasında Kramarenkonun yer alacağı “Ulduzlar yığması”nı göstərməyib: “Düzdü, bu komandanın heyəti çox güclüdü. Ancaq əsas favorit Koştinya, Manişe, Paulo Ferreyra, Fernando Kouto, Pedru Meneş və Fernando Meyra kimi portuqaliyalı futbolçulardan qurulmuş komandadı”.