Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirdə çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi görünməmiş hala səbəb olub. Apasport.az saytının məlumatına görə, yığmamız bu yarışın tarixində ilk dəfə bir oyunda 4 qol vurub.
1-ci qrup mərhələsinin 2-ci turunda Rusiya-2-ni 4:2 hesabı ilə məğlub edən komandamız 2009-cu ildə debüt etdiyi yarışda heç vaxt belə məhsuldar çıxış etməmişdi. Əvvəlki 27 matçdan yalnız birində 2-dən artıq qol vuran millimiz 2013-cü il mayın 5-də Litvanı məğlub edəndə məhsuldarlıq göstərmişdi – 3:2.
Bu dəfə özünün 1 oyun üçün yeni rekordunu müəyyənləşdirən yığmamız daha bir nailiyyətini təkrarlayıb. İlk oyununda Yaponiyanı 1:0 hesabı ilə üstələyən millimiz Rusiyada 5 qol vurub. Bu nəticə isə komandamızın 1 turnir üçün ən yüksək göstəricisinin təkrarıdı. 2013-cü ildə turniri 5 qol vurmaqla tərk edən yığmamız artıq həmin rekorda şərik çıxıb. Qarşıda daha 3 oyunu qalan Nikolay Adamın yetirmələri mütləq rekord üçün cəmi 1 qol vurmalıdı.