“Belçikadan təklif almışdım. Amma buna müsbət cavab vermədim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Rumıniya mətbuatına açıqlamasında Mirça Rednik deyib.
Yenidən “Xəzər Lənkəran” klubuna qayıdacağı gözlənilən 52 yaşlı mütəxəssis cənub təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.
“Düzdü, “Xəzər Lənkəran”la danışıqlar olub. Amma hələlik heç nə dəqiq deyil. Lənkəran klubuna getmək üçün şifahi razılıq vermişəm. İndi isə Belçika klubları ilə danışıqlar aparmıram. Çünki oradan yenicə ayrıldım və məyus oldum. “Standard” və “Gent”dən sonra ora dönmək istəmirəm” – deyə, rumıniyalı çalışdırıcı bildirib.
Təcrübəli çalışdırıcı Belçikaya qayıtmamağının səbəbini də açıqlayıb: “Orada məndən həm nəticə istədilər, həm də gənc futbolçuları oynatmağı. Gəncləri satmaqla pul qazanmaq istəyirdilər. Nəticə üçün heyətə yeni futbolçular lazım idi. Mən rəhbərlikdən bunu istədim və onlar məni komandadan göndərdilər. Nəticə qazanacağım halda maaşımın yüksəldilməsini istədim. Açığı, mən artıq yaşlanıram və pul qazanmaq da mənim üçün lazımdır. Amma onlar heç birini etmədilər”.