“Moldova yığmasını Azərbaycanla oyuna kimin çıxaracağı bilinmir. Çünki millimizin yeni baş məşqçisi hələ təyin olunmayıb”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Moldova yığmasının sabiq futbolçusu Vadim Borets deyib.
Azərbaycan və Moldova milliləri yanvarın 30-da Antalyada yoldaşlıq matçında üz-üzə gələcəklər.
2005-2008-ci illərdə “Neftçi”, 2008-2012-ci illərdə isə “Bakı” klubunun formasını geyinmiş Borets bu görüşlə bağlı fikirlərini bildirib. 2013-cü ildə məşqçiliyə başlayan keçmiş yarımmüdafiəçi Moldova yığmasında yeni baş məşqçinin kim olacağının hələ müəyyənləşmədiyini deyib: “İqor Dobrovolskinin müqaviləsinin müddəti başa çatıb. Yəqin ki, milliyə yeni baş məşqçi gətiriləcək. Amma Dobrovolskinin bu postda saxlanılması da istisna deyil. İndiki durumda üstünlük sizin tərəfinizdədi. Ancaq Moldova həmişə arzuolunmaz rəqib sayılıb. Bu mənada, maraqlı oyun keçəcəyini düşünürəm”.
Bu vaxta qədər Moldovanın U-15, U-16 və U-17 yığmalarını çalışdırmış, son iş yeri isə “Unqen” klubu olan Borets Qurban Qurbanovunun gəlişindən sonra millimizin güclənəcəyini vurğulayıb: “Azərbaycan futbolunu yaxından izləyirəm. Buna görə də, baş verən yeniliklərdən xəbərdaram. Bilirəm ki, mən oynadığım vaxtla müqayisədə Azərbaycan futbolunda çox şey dəyişib. Qurban Qurbanovu yaxşı tanıyıram. Fikrimcə, onun gəlişindən sonra Azərbaycan yığması daha da güclənəcək. Mən özüm də millidə işləmişəm. Buna görə də məşqçiyə vaxt lazım olduğunu bilirəm”.
Qeyd edək ki, Vadim Borets Moldova yığmasında 42 oyunda 1 qol vurub.