[b]Mourinyonun ulduz “qəbirstanlığı”[/b]
27.10.2016 - 16:00
[b]Mourinyonun ulduz “qəbirstanlığı”[/b]

Müasir futbolda dünyanın ən güclü məşqçilərindən biri, şübhəsiz ki, Joze Mourinyodu. Apasport.az saytının məlumatına görə, 2003-04 mövsümündə “Porto”ya Çempionlar Liqasını qazandırmaqla bütün dünyanı şoka salan portuqaliyalı həmin vaxtdan bəri yalnız Avropa nəhənglərində çalışıb.

 

Peşəkar futbolçu karyerası uğurlu alınmasa da, 53 yaşlı mütəxəssis məşqçi kimi istər “Çelsi”, istər “İnter”, istərsə də “Real”la titullar qazanmağa nail olub. Mourinyonu əksəriyyət dahi hesab edir. Təbii ki, onun oyun üslubunu bəyənməyənlər də az deyil.

 

Bir çox azarkeşlər kimi, onu sevməyən futbolçular da kifayət qədərdi. Bu da səbəbsiz deyil. Çünki Joze indiyə qədər çalışdırdığı bütün klublarda hansısa ulduz futbolçunun və ya futbolçuların “qələmini qırıb”. Bu ənənəsini yayda “sükanı arxası”na keçdiyi “Mançester Yunayted”də də davam etdirir. Portuqaliyalının qaraladığı son məşhur sima isə Ueyn Runidi. Mourinyonun çox az şans verdiyi kapitana hətta “özünə yeni klub axtar” tapşırığı verdiyi də bildirilir.

 

Biz də portuqaliyalı mütəxəssisin indiyə qədər işlədiyi komandalarda bəyənmədiyi və yola saldığı ulduz futbolçuları sıralamaq qərarına gəldik. Başqa bir deyimlə, Mourinyonun ulduz “qəbirstanlığı”na göz gəzdirək.

 

 

İlk “sinifdə qalanlar”

“Porto”dakı parlaq karyeradan sonra ilk böyük klubu “Çelsi” olan Mourinyo ulduzlara qarşı sərt münasibətini birinci gündən göstərməyə başladı. Onun “zadəganlar”a qoşulması bir neçə futbolçunun gedişini şərtləndirdi. Mourinyo müdafiəçi Marsel Desayini yaşının çoxluğu üzündən komandasında istəmədi. Həmçinin Cimmi Floyd Hasselbaynka da qapını göstərən londonlularda yeni çalışdırıcının planlarına daxil olmayan oyunçular arasında Xuan Sebastyan Veron və Ernan Krespo da var idi. Argentinalılar müvafiq olaraq “İnter” və “Milan”a icarəyə verildilər. Mourinyonun “Çelsi”də olduğu 3 il ərzində hər iki ulduz futbolçu başqa klublarda icarə əsasında oynamaqla kifayətləndilər. Krespo qayıdıb, bir il oynasa da, baş məşqçinin gözünə girə bilmədi və birdəfəlik ayrıldı.

 

Həmyerlisinə qapını göstərdi, Krespoya yenə 1 il dözdü

2007-ci ildə “Çelsi”dən ayrıldıqdan sonra bir il istirahət edən portuqaliyalı ardından “İnter”in “sükanı arxası”na keçdi. Onun burda ilk ixtisarı Adriano oldu. “Neradzurra”nın qol “silahı” sayılan “sambaçı” intizamsızlığı ilə daha çox diqqət çəkirdi. Rəhbərlik isə Mourinyonun qərarı ilə onu “Sao Paulo”ya icarəyə vermək qərarına gəldi. Adriano sonradan qayıtsa da, çox keçmədən yenidən yola salındı. Bu dəfə həmişəlik. Maraqlı məqamlardan biri də Kresponun növbəti dəfə Mou ilə yollarının kəsişməsi oldu. Ancaq argentinalı bu dəfə də bir il duruş gətirə bildi. Amma ondan sonra “Cenoa”ya keçmək məcburiyyətində qaldı. “İnter”ə Mourinyo ilə birlikdə gələn Rikardo Kuarejma Portuqaliyanın ən istedadlı futbolçusu hesab edilirdi. Lakin həmyerlisi bir mövsüm onu əlinin altında saxlaya bildi. Birinci mövsümün ardından qeyri-stabil oynadığı üçün Kuarejmaya ehtiyac duymayan təcrübəli mütəxəssis onun icarə əsasında “Çelsi”yə keçməsinə icazə verdi.

 

“Real”ın əfsanələrini “qovdu”

Mourinyo ən böyük şoku “Real” azarkeşlərinə yaşatdı. 2010-cu ildə “kral klubu”nu qəbul edəndə “Real”ın əfsanələrindən olan Raul Qonzales və Quti Ernandesə “özünüzə komanda tapın” xəbərdarlığını etdi. Bu klubun yetirməsi olan hər iki oyunçuya “sizə mütəmadi şans verməyəcəm” deməklə, onların üzünə qapını bağladı. Nəticədə Raul 16, Quti isə 15 illik “Real” karyerasını bitirməli oldu. Bu cütlüklə yanaşı, komandanın aparıcı simalarından sayılan Rafael van der Vart da Mourinyonun qurbanlarından oldu. Pedro Leon “Real”da gələcək vəd edən oyunçular arasında göstərilsə də, Mourinyo onu da “məhv etdi”. Bir il ərzində Leona cəmi 6 liqa matçında şans verən portuqaliyalı futbolçunun icarəyə getməsinə yol açdı. Hətta o, Pedro barədə maraqlı bir fikir də bildirmişdi: “Pedronun yer almadığı komanda təyyarəsi qəzaya uğrasa və əlimdə təkcə o qalsa belə, yenə də növbəti həftə Leonu oynatmaram”. Mourinyonun “Real” karyerası klubun digər canlı əfsanəsi İker Kasilyasın qovulması üçün uzun çəkməsə də, qolkiper ondan sonra heç cür özünə gələ bilmədi və nəticədə ötən il “Porto”nun yolunu tutdu.

 

Lempard və Çexi qaçırtdı, de Bruyneni bəyənmədi

2013-cü ildə “Çelsi”yə qayıdanda yenə “qayçılama əməliyyatı”nı unutmadı. Bu dəfə Floren Maluda “yaşlı” damğası ilə yola salındı. “Zadəganlar”la keçirdiyi ilk mövsümdən sonra isə portuqaliyalı bu baxımdan daha fəal oldu. Xuan Mata ilə görüşərək, “sistemimə uyğun deyilsən” dedi və onu “Mançester Yunayted”ə “sürgün etdi”. Həmçinin hazırda Avropada söz sahibi olan futbolçulardan Mohamed Salah, Xuan Kuadrado və Kevin de Bruyne də Mourinyonun qurbanları oldular. Yəqin ki, Mounun ən böyük peşmanlıqlarından biri hazırda “Mançester Siti”nin əvəzedilməz simalarından olan de Bruyne ilə bağlı verdiyi qərardı. 2014-cü ilin yayında Tibo Kurtuanın geri qayıtması Petr Çexin də “sönməsinə” səbəb oldu. Çexiyalı qolkiper Mourinyonun rəhbərliyi altında bir mövsüm ehtiyatda oturduqdan sonra 11 illik komandasını atıb, “Arsenal”a qaçdı. Həmçinin “Çelsi”nin digər əfsanəvi futbolçusu Frenk Lempard da ehtiyata məhkum olacağını vaxtında başa düşüb, 13 il formasını geyindiyi “mavilər”lə hörmətli sağollaşdı.

 

Hədəfdə Runidi

Cari mövsümün əvvəlində ulduz futbolçularla heyətini gücləndirən “Mançester Yunayted” rəhbərliyi komandanı Joze Mourinyoya tapşırdı. Portuqaliyalı isə gözlənilməz gedişlərini burda da davam etdirdi. Onun ilk qurbanı Bastian Şvaynştayger oldu. Almaniyalı yarımmüdafiəçiyə “mənə lazım deyilsən” deyib, onun zəngin karyerasına ağır zərbə vurdu. Joze vaxtilə “Çelsi”dən qovduğu Xuan Mata ilə bağlı da əvvəllər eyni fikirdə idi. Lakin sonradan nədənsə fikrini dəyişdi. Hərdən ispaniyalıya şans versə də, Matanın da “Mançester Yunayted”də çox qalmayacağını güman etmək olar. Portuqaliyalı komandada qalacağı təqdirdə kapitan Ueyn Runinin də 12 illik sevimli komandasını tərk etməsi istisna deyil.

 

Ruslan SADIQOV

 

0