Topaz Premyer Liqasının XXVII turu daha bir cütdə eyni komandanın 3-cü dəfə rəqibini məğlub etməsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, öz meydanında “Bakı”nı 2:0 hesabı ilə məğlub edən “Neftçi” paytaxt derbisində qazandığı xalların sayını 9-a çatdırıb.
I dövrədəki ev oyununda da quru hesabla (1:0) məğlub edən Arif Əsədovun yetirmələri II dövrədəki səfər görüşündə 3:1 hesabı ilə qalib gəlmişdi. 3 oyunda 9 xal qazanan “ağ-qaralar” ümumi top fərqindəki üstünlüyü 5-ə bərabərdi - 6:1.
Bu da mövsümün 6-cı, “Neftçi”nin ikinci belə “abunə”sidi. “Ağ-qaralar” “Bakı” kimi “Sumqayıt”a da xal həsrəti yaşadıb – 1:0, 3:2, 1:0
Bundan başqa, eyni komandanın bütün oyunlarda rəqibini udması, yəni “abunə” faktını üç dəfə “Qarabağ”, bir dəfə “İnter” gerçəkləşdirib. Qurban Qurbanovun yetirmələri AZAL-ı 6:1 (3:0, 2:1, 1:0), “Simurq”u 5:2 (1:0, 3:2, 1:0), “Xəzər Lənkəran”ı 7:4 (3:2, 3:2, 1:0), Kaxaber Sxadadzenin komandası isə “Bakı”nı 12:0 (7:0, 1:0, 4:0) hesabı ilə üstələyib.
Maraqlıdı ki, bütün “abunə”lər ilk “üçlük”də qərarlaşanların hesabındadı. “Qarabağ”ın 3, “Neftçi”nin 2, “İnter”in 1 belə “yağlı tikə”si var.