Almaniya yığmasının və “Bayer” klubunun qapıçısı Bernd Leno karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “Kicker” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Real”ın maraq dairəsinə düşüb.
Madrid təmsilçisi yaxın müddətdə Lenoya rəsmi təklif göndərəcək. İspanlar 2011-ci ildən Leverkuzen klubunda çıxış edən çərçivə qoruyucusunu mövsümlərarası fasilədə transfer etməyi planlaşdırırlar. “Real” rəhbərliyi Lenonun keçidini həll etməklə qapı xəttindəki rəqabəti gücləndirmək niyyətindədi.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 5 gün öncə Azərbaycanla keçirilmiş matçda Almaniya yığmasının qapısını məhz Leno qorumuşdu. O, 31 dəqiqədə Dmitri Nazarovun qoluna mane ola bilməmişdi.
Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan Bernd Leno 2015-ci ildən Almaniyanın əsas yığmasına çağırılır.