[b]Ndlovu qol vursa...[/b]
27.09.2017 - 14:33
[b]Ndlovu qol vursa...[/b]

Azərbaycan klublarının Çempionlar Liqasındakı bombardiri adının vahid sahibi müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Dino Ndlovu qitənin ən nüfuzlu klub turnirindəki əsas qol silahımız adını ələ keçirmək imkanına malikdi.

 

Bunun üçün CAR-dan olan hücumçu “Roma” ilə II turun görüşündə qol sevinci yaşamalıdı. Dino “Qarabağ”ın heyətində 4 dəfə Çempionlar Liqasında qol vurub.

 

Dinonun bütün qolları cari mövsümə təsadüf edib. O, iki dəfə ev, iki dəfə səfərdə fərqlənib. “Samtredia” ilə Bakıdakı matçda dubl müəllifi olan legioner “Şerif” və “Kopenhagen”in qapısına səfərdə yol tapıb.

 

Bütün qollarını təsnifat mərhələsində vuran Ndlovu Çempionlar Liqasında 4 dəfə bunu bacaran üç oyunçudan biridi. Badri Kvaratsxeliya “Şəmkir”in, Reynaldo isə “Qarabağ”ın heyətində qitənin ən nüfuzlu klub turnirində 4 dəfə fərqlənib.

 

Dinonun vuracağı ilk qol onu bu turnirdəki ən məhsuldar oyunçumuza çevirəcək. Şəriklərini arxada qoymaq iddiasında olan afrikalı qarşılaşmada “Qarabağ”ın ilk topunu vursa, Çempionlar Liqasının qrupundakı ilk uğurumuzun da qəhrəmanı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.