[b]Nduka “Simurq” rəhbərliyinə “yalançı” dedi: Şikayət edəcəyik![/b]
26.09.2014 - 13:40
[b]Nduka “Simurq” rəhbərliyinə “yalançı” dedi: Şikayət edəcəyik![/b]

“Mən “Simurq”da çox çalışırdım, məqsədim komandaya kömək etmək idi. Bunun qarşılığında isə özümə qarşı biganə münasibət gördüm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Usim Nduka deyib.

 

Ötən mövsümün ikinci yarısını Zaqatalada, “Simurq”da keçirən müdafiəçi elə həmin vaxt aldığı xəsarət ucbatından klubsuz qalıb. Zədəsini sağaltmaqla məşğul olduğunu deyən futbolçu klub rəhbərliyindən şikayətlənib: “Zədə alandan sonra klub rəhbərliyi müalicəmə 1 qəpik də kömək eləmədi. Amma normal klub bunu edərdi. Zədəli olduğum üçün məni komandadan uzaqlaşdırdılar. Sonra əməliyyat olundum. Heç onun da pulunu vermədilər. Üstəlik, klub rəhbərliyi müalicə üçün məni Ankaraya göndərəcəyinə söz versə də, sonda yalançı çıxdılar”.

 

Klub rəhbərliyindən narazı qalan Nduka bildirib ki, “Simurq”dan şikayət edəcək: “Üzləşdiyim problemə görə rəhbərliklə görüşmək istəsəm də, məni yaxınlarına buraxmadılar. Bu səbəbdən klubdan şikayət edəcəm. Artıq vəkilimlə bu barədə danışmışam. Hara lazımdırsa, UEFA, FİFA-ya şikayət edəcəyik”.

 

Əməkdaşımızın “Simurq”dan nə qədər pul istəyirsiniz” sualına gəlincə, Nduka konkret məbləğ deməyib: “Yalnız haqqımı tələb edirəm. Mənə nə qədər borclu olduqlarını özləri yaxşı bilirlər. Tələb edəcəm ki, üzərlərinə götürdükləri tələbləri yerinə yetirsinlər”.