[b]Nəhs gündə nəhs nömrədən gözlənilən rekord[/b]
13.10.2015 - 11:11
[b]Nəhs gündə nəhs nömrədən gözlənilən rekord[/b]

AVRO-2016-nın seçmə mərhələsinin bu gün Bolqarıstanla keçiriləcək qarşılaşması Azərbaycan futbolu tarixində yeni rekordla əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün yığmamızın üzvü Dmitri Nazarov qol vurmalıdı.

 

Milliləşən legioner bu gün fərqlənsə, komandamızın tarixinə bir seçmə mərhələdə ən çox qol vuran futbolçu kimi düşəcək. Belə ki, cari tsikldə 3 qol vuran Nazarov hazırda rekorda şərikdi.

 

Bolqarıstan, Malta və İtaliya ilə ev oyunlarında rəqib qapısına yol tapan yarımmüdafiəçi 3 gün əvvəl apenninliləri məyus edərək, 12 il əvvəl qeydə alınan rekordu təkrarlamışdı. Belə ki, AVRO-1996-dan beynəlxalq arenaya çıxan yığmamızın tarixində eyni tsikldə 3 qol vuran yeganə oyunçu məhz 12 il əvvəl buna nail olmuşdu. AVRO-2004-ün seçmə oyunlarında Qurban Qurbanovun vurduğu 3 qol ona tarixi nailiyyət qazandırmışdı.

 

Serbiya və Çernoqoriyaya səfərdə 2, evdə 1 qol vuran hücumçu heç kimin bacarmadığını gerçəkləşdirmişdi.

 

2003-cü ildə vurulan həmin qollardan 12 il sonra Qurbanova çatan olub. Nazarov rekordu təkrarlasa da, iki göstəricidə sabiq hücumçunu arxada qoyub. Dmitri dubla imza atan Qurbanovdan fərqli bir tsiklin 3 müxtəlif oyununda qol sevinci yaşayan ilk futbolçudu. Üstəlik, Nazarov bütün qollarını oyundan vurub və penaltidən istifadə etməyib.

 

Yığmamızın 13 nömrəsi bugünkü – ayın 13-dəki qarşılaşmada da qol vursa, mütləq rekordla Qurbanovu da arxada qoyacaq. Bunun üçün də ona cəmi 1 top lazımdı.