Norveç mətbuatı yığma komandanın AVRO-2016-nın seçmə mərhələsindəki çıxışını dəyərləndirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbol ictimaiyyəti arasında komandanın qrupda ilk iki yerdən birini tutmaması barədə sorğu aparılıb.
Norveçlilər H qrupunda komandalarının 3-cü yeri tutmasının səbəbkarı kimi Azərbaycan yığmasını göstəriblər. Skandinaviyalilar İtaliyaya hər iki görüşdə məğlub olmağı, Xorvatiyaya bir dəfə qalib gəlib, bir dəfə uduzmağı və Malta ilə Bolqarıstanı hər iki matçda üstələməyi normal nəticə sayırlar. Bakıdan 3 xalla dönən Norveç millisinin Azərbaycanla evdə qolsuz bərabərə qalmasını isə futbol ictimaiyyəti qəbul edə bilmir. Yerli futbol adamları hesab edirlər ki, tsikldə yeganə heç-heçə etdikləri həmin görüşdə qələbə qazansaydılar, indi pley-off yox, final mərhələsi barədə düşünürdülər.
Qeyd edək ki, seçmə mərhələni 19 xalla 3-cü pillədə tamamlayan Norveç yığması Xorvatiyadan 1, İtaliyadan isə 5 xal geri qalıb. Skandinaviyalılar pley-off oyunlarını noyabrın 12-17-si aralığında keçirəcəklər.