“Nurlan Novruzov bu gün gəlib, bizdən üzr istədi. Dedi ki, səhvimi başa düşmüşəm. Biz də ona bildirdik ki, eybi yox, hər övlad səhv buraxa bilər. Buna görə də, Nurlanı bağışladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov deyib.
Adı müxtəlif klublarla birgə hallanan Nurlan Novruzovla “Bakı” rəhbərliyi arasında narazılıq yaransa da, bu, artıq aradan qaldırılıb. Gənc futbolçu klub rəhbərliyindən üzr istəyərək, komandaya qayıdıb. Novruzov sabahdan etibarən “Bakı”nın məşqlərinə qatılacaq. Seyidovun sözlərinə görə, Nurlan başqa kluba keçməyəcək: “Bizə dedi ki, “Bakı”nın razılığı olmadan heç yerə getməyəcəm. Odur ki, Nurlanın başqa kluba keçidindən söhbət gedə bilməz. O, “Bakı”ya kömək edəcək”.
Rəhman Hacıyevin “Bakı”dan ayrılmasına da toxunan Seyidov bunları əlavə edib: “Rəhmanın klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdik. Ondan da narazılığımız qalmadı”.
Qeyd edək ki, Novruzovdan fərqli olaraq, Hacıyev karyerasını “Neftçi”də davam etdirəcək.