[b]Ölən ümidlər[/b]
06.04.2015 - 14:29
[b]Ölən ümidlər[/b]

Topaz Premyer Liqasının XXVIII turu bir neçə komandanın arzusunun üstündən xətt çəkib. Apasport.az saytının məlumatına görə, öz meydanında “Qəbələ”yə 0:4 hesabı ilə uduzan AZAL çempionluğa nəzəri şanslarını itirib.

 

Finişə 7 oyunu qalan “təyyarəçilər” artıq liderdən 23 xal geridədi. “Bakı”, “Sumqayıt” və “Xəzər Lənkəran”ın da bu taleyi yaşadığını nəzərə alsaq, kağız üzərində qızıl medal şansı qalan komandaların sayı beşə enib.

 

“İnter”ə səfərdə 0:2 hesabı ilə yenilən “Xəzər Lənkəran” isə gümüş arzusu ilə də vidalaşıb. Cənubluların 21 xal geri qaldığı 2-ci pillədəki “İnter”ə çatması mümkündü. Amma bunun üçün “bankirlər” bütün qarşılaşmalarda, o cümlədən “Neftçi”yə uduzmalıdı. Belə olanda isə “ağ-qaralar” Lənkəran təmsilçisi üçün əlçatmaz olur.

 

“Sumqayıt”ın mükafatçılar sırasına düşməyəcəyi rəsmiləşib. Aqil Məmmədovun yetirmələrinin bundan sonra 24 xal toplaması mümkün olsa da, 3-cü yerlə 26 xallıq fərqin aradan qaldırılması mümkünsüzdü.

 

“Bakı” bundan sonra 6-cı pillədən artığına ümid etməməlidi. Bu da o deməkdi ki, ilk 5 yerdə qərarlaşanlar Premyer Liqada yerini təmin edib.