Mövsümün sonunda heyətini gücləndirmək üçün hərəkətə gələn "Çelsi"nin ilk hədəfi bəlli olub. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "zadəganlar" "Torino"nun hücumçusu Andrea Belottiyə "elçi düşüb".
Doğrudu, 23 yaşlı forvard bir müddət əvvəl klubu ilə yeni müqaviləyə qol çəkib. Anlaşmaya əlavə edilən bəndə görə, İtaliya millisinin üzvünün sərbəst qalma məbləği 85 milyon funt-sterlinqdi. Buna baxmayaraq, fikrindən dönməyən London klubunun baş məşqçisi Antonio Konte rəhbərlikdən həmyerlisinin alınmasını tələb edib. "Çelsi"nin 55 milyon funt-sterlinqlik ilk təklifi italyanlar tərəfindən qəbul edilməyib.
"Torino"nun prezidenti Urbano Kairo qol "silahı"nın transfer qiymətini açıqlayıb: "Onu burda saxlamaq üçün əlimdən gələni edəcəm. Amma Belottini almaq istəyən klub qapımızı 100 milyon avro ilə döyməlidi".