[b]Pirlonun yerini kim tutacaq? - START HEYƏTİ[/b]
10.10.2015 - 10:00
[b]Pirlonun yerini kim tutacaq? - START HEYƏTİ[/b]

İtaliya yığması zədəli oyunçuların çoxluğundan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte dünən məşq zamanı zədələnən Andrea Pirlonun əvəzləyicisini tapıb.

 

Bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq “Skuadra Adzurra” Davide Santon, Lorenzo İnsinye və Domeniko Berardidən sonra Pirlonun da xidmətindən məhrum qalıb. Daniele de Rossi də cəzalı olduğundan, Konte veteran yarımmüdafiəçinin boşluğunu doldurmaqda çətinlik çəkir.

 

İtaliya mətbuatı zədəlilərin fonunda yığmanın bu gün meydançaya çıxacaq təxmini “11-liy”ini yazıb. Qapıçı və kapitan Canluici Buffonun önündə “Yuventus”da da birgə çıxış etdiyi Leonardo Bonuççi ilə Corcio Kyellini yer alacaqlar. Müdafiənin cinahları Matteo Darmian və Mattia De Şilyoya tapşırılacaq. Pirlonun yoxluğunda orta sahədə liderliyi Marko Verrati öz üzərinə götürəcək. Onunla yanaşı, Andrea Bertolaççi və Marko Parolo da orta sahədə çıxış edəcəklər. Antonio Kandreva və Stefan El Şaravi yarımmüdafiənin cinahlarında çıxış edəcəklərsə, komandanın qol silahı Qratsiano Pelle olacaq.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.

0