Avropa Liqasının qrup mərhələsinin son turunda “Anderlext”in qonağı olacaq “Qarabağ”ı bu görüşdə yalnız qələbə qane edir. Apasport.az saytının məlumatına görə, bununla bərabər qrupun digər matçında da “Tottenhem” “Monako”ya uduzmamalıdı.
1/16 final mərhələsinə vəsiqəni təmin edən London təmsilçisi bu üzdən bir neçə əsas heyət üzvünə istirahət verməyi düşünür. İngiltərə mətbuatında yazılanlara görə, baş məşqçi Maurisio Poçettino, xüsusən də, qapı və müdafiə xəttində dəyişikliklər etməyi planlaşdırır.
Rayan Meyson, Aleks Pritkard, Naser Çadli və Nabil Bentaleb zədə ucbatından, onsuz da, bu görüşü buraxacaqlar. Müdafiənin mərkəzində bu dəfə Tobi Alderveyreldin yerinə Kevin Vimmerin iştirakı gözlənilir. Sağ cinahda isə çox güman ki, Kiran Trippier mübarizə aparacaq. Poçettino hər iki futbolçuya son şans vermək fikrindədi. Özlərini doğrulda bilməsələr, Vimmer qış fasiləsində icarəyə veriləcək, Trippierlə isə yollar ayrılacaq. Əsas qapıçı Uqo Llorisə də istirahət vermək istəyən argentinalı çalışdırıcı çərçivəni hollandiyalı Miçel Vorma həvalə edəcək.
Yarımmüdafiə və hücum xəttində elə ciddi dəyişiklik gözlənilmir. Çünki qrupu ikinci pillədə bitirmək təhlükəsini də nəzərə alan Poçettino ən pis halda “Monako” ilə heç-heçə etməyə çalışacaq. Bu isə təbii ki, “Qarabağ”a sərf edir.
İngiltərəli həmkarlarımızın iddiasına görə, “Tottenhem” “Monako” önünə bu heyətlə çıxacaq: Miçel Vorm, Ben Deyvis, Erik Dayer, Kiran Trippier, Yan Vertongen, Kevin Vimmer, Musa Dembele, Kristian Eriksen, Erik Lamela, Harri Keyn, Hun-Min Son.
Qeyd edək ki, “Tottenhem” – “Monako” oyunu dekabrın 10-da “Uayt Hart Leyn” stadionunda keçiriləcək.