Millimizin baş məşqçisi Robert Prosineçkinin Azərbaycana gəlişi günü-gündən yubanır. Apasport.az saytı xəbər verir ki, çalışdırıcı Almaniya ilə seçmə mərhələ matçından sonra Kayzerslauterndən birbaşa yollandığı Xorvatiyadan heç cür kənara çıxa bilmir.
Prosineçki hələ Almaniya ilə qarşılaşmadan sonra “Bakıya qayıdırıq, gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm”, deyərək ilk yalanını danışmışdı. Çünki o, yığma ilə birlikdə qayıtmayıb, ölkəsinə yollanmışdı. Xorvatiyada tez-tez mətbuata danışan 48 yaşlı mütəxəssisin adı ilk gündən Bosniya və Herseqovina, Sloveniya yığmaları ilə birgə hallandı. Hətta “Trabzonspor” variantı ortaya çıxanda “klub karyeramı bərpa etmək istəyirəm” fikrini də səsləndirmişdi. Türkiyə klubu özünə yeni baş məşqçi tapdı və yığmamızın çalışdırıcısı Sloveniyanın maraqlı variant ola biləcəyini vurğuladı.
Azərbaycan tərəfi isə baş məşqçinin yolunu səbirsizliklə gözləməkdə davam edir. Hər gün “sabah gəlir” sözünü eşitməkdən mətbuatın da, futbol ictimaiyyətinin də qulağı cingildəməyə başlayıb. Son olaraq onun bu həftə AFFA rəhbərliyi ilə görüşmək üçün Bakıya gələcəyi bildirilirdisə, assosiasiyanın baş katibi Elxan Məmmədov ayın sonuna işarə vurub.
Xorvatiyalının gəlişi, türklər demiş, “ilan hekayəsinə dönüb”. Konkret gün göstərilməməyi və səfərin yubadılması bir ehtimalı ortaya çıxarır: Prosineçki qəsdən belə edir. Çünki AFFA rəhbərliyi ilə görüşdə onun taleyinə aydınlıq gələcək; ya müqavilə müddəti uzadılacaq, ya da yola salınacaq. Görünür, sabiq “Kayserispor”lu səfər öncəsi digər variantlara nöqtə qoymaq fikrindədi. Sloveniya, Bosniya və Herseqovina kimi yığmalardan təklif gözləyən çalışdırıcı bu müddətdə onlarla anlaşarsa, ölkəmizə vidalaşmaq üçün gələcək. Əks təqdirdə, əliboş qaldıqdan sonra Azərbaycan yığması onun üçün son çarə olacaq. Bir sözlə, görünən odu ki, Robert Prosineçki Azərbaycan millisini gələcək karyerası üçün son planda görür.
Onun dönüşünü bir qədər də gecikdirməsi təəccüblü olmaz. Çünki noyabrda Xorvatiya yığması dünya çempionatının pley-off oyunlarına çıxacaq və Yunanıstan səddini keçə bilməsə, baş məşqçisi ilə vidalaşacaq. Xorvatiyada isə indidən Prosineçkinin adı hallanmağa başlayıb. Yəqin ki, öz ölkəsinin millisini çalışdırmaq onun da ən böyük arzularından biridi.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi