[b]Qapıçı problemi və ya “Qarabağ”ın baş tutmayan transferi[/b]
26.01.2018 - 17:02
[b]Qapıçı problemi və ya “Qarabağ”ın baş tutmayan transferi[/b]

Azərbaycan futbolunda qapıçılıq məktəbi geriləməkdədi. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız bu qənaətdədi.

 

Ukraynalılar hazırda cəmi 8 komandası olan Azərbaycan Premyer Liqasında 3 həmyerlilərinin çıxış edəcəyini vurğulayıblar. “Qəbələ”nin 1 nömrəsi Dmitri Bezotosnı və “Qarabağ”ın daha çox ehtiyatda qalan qapıçısı Anton Kanibolotskiyə daha biri qış fasiləsində qoşulub. O, “Kəpəz”in heyətinə qatdığı Sergey Litovçenkodu. Bununla da, ukraynalı qapıçıların Premyer Liqadakı sayı 3-ə yüksəlib. Hərçənd müəyyən müddət öncə Azərbaycanın özü ölkə xaricinə qolkiperlər “ixrac edirdi”.

 

Elə bu ölkədən olan həmkarlarımız da həmin dövrləri xatırlayıblar: “Vaxt vardı Azərbaycandan olan qapıçılar Yuri Pomenski, Elxan Rəsulov və Aleksandr Jidkov Ukrayna klublarında oynayırdı”.

 

Bu dövr isə o qədər də keçmişdə olmayıb. Sabiq SSRİ-nin dağıldığı ərəfələrdə qapıçılarımız bir sıra ölkələrdə, o cümlədən Ukraynada özünü yaxşı tərəfdən göstərirdi. İndi isə qapıçı tapa bilməyən klublarımız bu ölkəyə üz tutur.

 

Həmkarlarımız daha bir maraqlı məqama toxunublar. Onların iddiasına görə, “Qarabağ” daha bir ukraynalı qapıçı Dmitri Pasta da elçi düşübmüş. Lakin Kanibolotskinin transferindən öncə planlaşdırılan bu keçid baş tutmayıb.

 

Qeyd edək ki, Past 2009-2015-ci illərdə “Çernomorets”də, 2015-ci ildən sonra isə “Zvezda”da oynayan Past Ukrayna gənclər yığmasına da çağrılıb. 

0