2017/18 mövsümünün ardından yaşanan yay fasiləsi daha çox məşqçi istefaları ilə diqqət çəkdi. Lakin çalışdırıcı dəyişiklikləri fonunda belə Topaz Premyer Liqasının ən yaşlı futbolçusu Fərhad Vəliyevin karyerası kölgədə qala bilməz. Apasport.az saytı ölkə çempionatlarında 21 il çıxış edən, milli komandalarda, avrokuboklarda meydana çıxan veteranın səssiz vidasına biganə qalmayıb.
Tarixi uğur
1997-ci il martın 4-ü... Bu gün Azərbaycan futbol tarixində unudulmaz günlərdən biridi. Hələ 5 yaşı tamam olmayan AFFA-nın və müstəqil futbolumuzun kövrək addımlarını atdığı ilk dönəmlər. Yığmalarımız da, klublarımız da beynəlxalq arenada məğlubiyyətləri sıraladığı bir vaxt. Düzdü, uduzmadığımız təsadüfi matçlar da var idi. Lakin onları barmaqla saymaq olardı və bu sensasiyalar əsasən Avropa ortababları və ikinci dərəcəli komandalarla matçlara təsadüf edirdi. Futbol nəhənginə uduzmamaq isə heç ağla belə gəlməzi. Nadir Qasımovun baş məşqçisi olduğu U-16 yığmamız Avropa çempionatının seçmə oyunlarını keçirmək üçün İtaliyaya yollanmışdı. Rusiya və Rumıniyanın da yer aldığı qrupun açılış oyununda Azərbaycan və İtaliya qarşılaşırdı. Santo Egidio şəhərindəki qarşılaşmada hamı darmadağın gözləyirdi. Lakin millimiz futbol tariximizdə ilk dəfə nəhəngdən xal aldı – 0:0.
Kimdi qəhrəman: (V)Əliyev?
21 il əvvəl ölkəmizdə idman mətbuatı və televiziyası az qala sıfır səviyyəsində idi. Bu üzdən qarşılaşma haqda demək olar ki, heç bir məlumat yoxdu. Lakin italiyalıların sonrakı hər iki matçda böyük hesabla qalib gəlməsi, yığmamızınsa eyni rəqiblərin hərəsindən 3 top buraxıb, uduzması qüvvələr nisbətinə aydınlıq gətirir. Belə fərqə baxmayaraq, heç-heçənin qeydə alınmasının yalnız bir izahı ola bilər. Meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən görüşdə müdafiəçilərimiz, əsasən qapıçı qəhrəmanlıq edib. Ölkəmizdəki bir çox mənbələr həmin matçda da, seçmə mərhələdə də Ramin Əliyevin “1 nömrə” olduğunu iddia edir. Bu, sonradan “Xəzər Universiteti” və “Şəfa”da qısa müddət oynamış qolkiperdi. Lakin UEFA-da Vəliyevin həmin qarşılaşmada iştirak etdiyi əksini tapıb. Görünür, idman mediamızın olmadığı dövrün boşluqları uzun müddət keçəndən sonra aradan qaldırılarkən Əliyevlə Vəliyev qarışıq düşüb. Lakin İtaliyayla görüşdəki oyunu məhz Vəliyevin karyerasına təkan verib.
Əbədi rəqabətin qurbanı
U-16 ilə AVRO-1997-nin seçmə mərhələsində hər üç qarşılaşmada forma geyinən Vəliyev yığmada güclü rəqabətlə üzləşib. O, həm U-18, həm U-21-də özündən bir yaş böyük Cahangir Həsənzadə və Elşən Poladovu heyətdən sıxışdırmalı idi. Fərhad bu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkib. Bunun nəticəsidi ki, U-18-də cəmi 1 seçmə oyunu keçirən qolkiper U-21-də debüt edə bilməyib. Bununla da onun aşağı yaş qrupu üzrə yığmalardakı seçmə oyunlar karyerası 4 qarşılaşma ilə yekunlaşıb.
Darmadağınla debüt
Vəliyev təkcə millilərdə deyil, klub karyerasında da Poladovla rəqabət aparıb. Bu, Sumqayıt futbolunun yetirmələri ilk addımlarını eyni klubda atdığından qaçılmaz idi. 1997/98 mövsümündə yeniyetmə qapıçıların ikisi də “Xəzər”in heyətində idi. O vaxt komanda “Sumqayıt” adlanırdı. Lakin bu klubu indiki “Sumqayıt”la qarışdırmaq olmaz. Ötən əsrin 90-cı illərindəki “Sumqayıt” və “Kimyaçı” əslində “Xəzər”in adını dəyişdiyi dönəmlər idi. 1997-ci ildə həmin “Sumqayıt”da peyda olan Vəliyev Azərbaycan çempionatında debüt şansı da qazanıb. O, 1997-ci il noyabrın 15-də Bərdə “Pambıqçı”sı (komanda həmin vaxt “Qarabağ” adlanırdı) üzərində 3:0 hesablı qələbədə pay sahibi olub. Quru oyun keçirən qapıçı debüt görüşündə də Poladovla bir-birini əvəzləyib.
Musayevin layihəsində
1997/98 mövsümünün ikinci yarısında isə Vəliyev başqa komandada çıxış edib. O, Fuad Musayevin layihəsi olan çempionatda iştirak edən U-18-ə cəlb olunub. Bu komanda tezliklə adını dəyişib “Şəfa”ya çevriləcəkdi və futbolumuza onlarla istedad bəxş edəcəkdi. Vəliyev isə komandanın hələ U-18 adlandığı vaxtda komandaya cəlb olunub. 1998-ci il fevralın 21-də “Neftçi” ilə ev oyununda 2 cavabsız qol buraxan milli qapıçının debütünü korlayıb. Ümumiyyətlə, Fərhad çempionatda bu komandayla keçirdiyi 7 oyunun hamısına qol buraxıb.
Qapını qoyub qaçdı
1998/99 mövsümündə Sumqayıta qayıdan qolkiper “Kimyaçı”da forma geyinib. Poladovun əvəzləyicisi olan Fərhad çempionatda cəmi 9 oyunda çərçivədə dayanıb və nə az, nə çox 30 top buraxıb. Lakin Vəliyev mövsümü 9 deyil, 10 oyunla tamamlayıb. Belə ki, sonuncudan əvvəlki turun “Şəfa” ilə ev matçı onun üçün yaddaqalan olub. 1999-cu il aprelin 25-dəki matçda qolkiper qapını qoyub, meydana qaçıb və sahə oyunçusu kimi meydana çıxıb və komandasının 0:5 hesablı məğlubiyyətində iştirak edib.
Boşa verilən illər
Yeniyetmə ikən millidə perspektiv vəd edən qolkiper tezliklə kölgəyə çəkildi. Əsasən güclü rəqabət, bəzən isə zədələr Fərhadın karyerasına ciddi təsir etdi. Düzdü, 1999/2000 mövsümündə doğma komandasında əsas qapıçı imici qazanıb. Amma sonrakı 4 ilin isə ümumiyyətlə boşa verildiyini söyləmək mümkündü. Quba “Şahdağ”ı və “Viləş”də keçirilən 2000/01, ardınca 1-ci liqadakı 2001/02 mövsümləri futbolsuzluqla müşayiət olundu. Yalnız 2003/04 mövsümündə elitaya qayıdan Vəliyev “Neftçi”nin ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilmişdi. 4 ildə güclülər dəstəsində cəmi 9 oyun keçirməsi də artıq çoxlarının onun üstündən xətt çəkdiyi anlamına gəlirdi.
“Yapon, karyeranı bitirmirsən?”
Sumqayıtda yeni komanda “Gənclərbirliyi” yaradılandan az sonra Fərhad da doğma şəhərin komandasına dönüb. Daim rəqabət aparmalı olan, əksər hallarda isə mövqeyini uduzan qapıçının işləri burada da yaxşı getməyib. Bu, komanda yüksək liqaya vəsiqə qazanandan sonra da davam edib. Sıradan bir qapıçı olan afrikalı Saliou Diallo ilə belə rəqabəti uduzan Fərhad çox şans qazanmır, oynadığı matçlarda da çox qol buraxmasına üzülürdü. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçların birinin fasiləsində həmkarlarımla ehtiyat oyunçular skamyasına yaxınlaşdıq. Oradakı yeri günü-gündən “möhkəmlənən” qapıçıya “Yapon, karyeranı bitirmirsən?” sualını da verdik. Yeri gəlmişkən, az qala hər futbolçusuna ləqəb qoyulan, öz Pelesi, Zikosu olan Sumqayıtda Vəliyevi də “Yapon” kimi tanıyırlar.
Konkovun tapıntısı
2004-cü ilin yayında “İnter”ə (indi də “Keşlə” adlanır) çevrilən və iddiaları böyüyən “Xəzər Universiteti” baş məşqçi postuna Anatoli Konkovu gətirdi. Postsovet məkanının məşhur siması özü ilə az qala vaqonla legioner, o cümlədən bir neçə qapıçını da komandasına cəlb etdi. Belə vaxtda Vəliyevin transferi ciddiyə alınmırdı. Çoxları onun yenə ehtiyatda gün keçirəcəyini, artıq dövrünün getdiyini zənn edirdi. Lakin Konkovun seçimi özünü doğrultdu. Elə ilk mövsümdə əsas qapıçıya çevrilən Fərhad növbəti çempionatda “1 nömrə” kimi möhkəmləndi.
8 ildən sonra millidə
İki mövsümdə 41 oyuna 20 top buraxan qapıçının karyerasında “İnter” xüsusi yerə malikdi. Çünki məhz bu komandada oynadığı vaxt yenidən milliyə döndü. Bu dəfə əsas yığmada peyda olan qapıçı 2006-cı fevralın 28-də debüt matçına çıxıb. O, Ukraynayla Bakıdakı yoxlama oyununu qol buraxmadan başa vurub – 0:0. Vəliyev həmin il sentyabrın 2-də Avropa, 2009-cu il martın 28-də isə dünya çempionatının seçmə mərhələsində debüt edib. Hər iki səfər matçı məğlubiyyətlə başa çatıb – 0:1 və 0:2.
Millinin 4-cüsü
2006-cı ildə millidə debüt edən Fərhad son matçını 4 ildən sonra keçirib. 2010-cu il martın 3-də Lüksemburqa qarşı səfərdəki yoxlama oyununda əldə olunan 2:1 hesablı qələbə onun yığmadakı son sınağı olub. 70-ci dəqiqədə əvəzlənən futbolçu bir daha yığmada meydana çıxmayıb.
49 ayda 32 milli matçına çıxan qolkiper oyun sayında komandanın 40-cısıdı. O, qapıçılar arasında Kamran Ağayev, Cahangir Həsənzadə və Dmitri Kramarenkodan sonra 4-cü yerdədi.
Yığmada 12 dəfə “İnter”, 20 dəfə “Qarabağ”ı təmsil edən əlcək sahibi meydanda keçirdiyi 2635 dəqiqədə 49 qol buraxıb. Bu da orta hesabla 1,53-ə bərabərdi. 29 dəfə start heyətində yer alıb, 3 dəfə sonradan meydana daxil olan “1 nömrə” 2 sarı vərəqə ilə cəzalanıb. Fərhad ona millidə debüt şansı verən Şahin Diniyevin rəhbərliyi altında 16, makedoniyalı Qyoko Hacıyevskinin dövründə 3, son oyununda şans qazandığı Berti Foqtsla 13 matç keçirib. Avropa çempionatlarında 10 (20 top buraxıb), dünya çempionatlarında 3 (5 top buraxıb) seçmə oyuna çıxan qolkiper ümumilikdə 8 görüşdə qapısını toxunulmaz saxlayıb. Onun yığmadakı ən uğursuz matçları isə hərəsində 6 top buraxdığı Ukrayna və İspaniya ilə yoldaşlıq görüşləridi. Avropa çempionlarına Bakıdakı məğlubiyyət adi qarşılanmışdısa, Kiyevdəki yenilgi Diniyevin heyətdə məşhur islahatları ilə yadda qaldı. Həmin vaxt bir sıra futbolçulardan şübhələnən məşqçi bir daha onlara yığmada şans vermədi. Serbiyayıa Bakıdakı seçmə oyunu da onun passivindədi. İlk yarıda 4 qol buraxan Fərhad 1:6 hesablı məğlubiyyətlə başa çatan matçın fasiləsində əvəzləndi.
Uğurların tək ünvanı
Əlcək sahibi 2007-ci ilin yayında “İnter”i “Qarabağ”a dəyişib. Bu, Vəliyevi uğurlara daşıyan yol olub. 9 mövsüm Ağdam klubunda çıxış edən qolkiper heç bir komandada olmadığı sayda – 135 oyunu burada keçirib. 99 qol buraxan qapıçı ilk 4 mövsümdə “1 nömrə” olsa da, sonrakı illərdə mövqeyini yavaş-yavaş itirib. Bunda həm kluba gələn legionerlərin, həm də yaş amilinin rolu olub. Karyerasının bütün mükafatlarını bu komandayla qazanan Fərhad Azərbaycan çempionatlarında 3 qızıl, 1 gümüş, 2 bürünc medala yiyələnib. 3 dəfə də kubok sahibi olan qolkiper yalnız bir finalda – 2008/09 mövsümünün həlledici matçında meydana çıxıb.
Salam, Avropa
Vəliyevin avrokubok karyerası da yalnız bir klubla – “Qarabağ”la bağlıdı. O, 2009-cu il iyulun 16-da “Rusenborq”la səfər matçında qitə miqyaslı klub turnirlərində debüt edib. Həmin matçda qapıçı qol buraxmayıb. Heç vaxt Çempionlar Liqasında oynamayan qolkiperin avrokubok karyerası Avropa Liqasındakı 3 mövsümdən ibarətdi. 2009/10, 2010/11 və 2011/12 mövsümlərində təsnifat mərhələlərində 15 oyuna çıxan Vəliyev elə 15 qol buraxıb. O, avrokuboklarda klublarımızın heyətində ən çox matç keçirən 5 qapıçıdan biridi.
Yuvaya dönüş
“Qarabağ”da heyətə düşməkdə çətinlik çəkən veteran 2016-cı ilin yayında doğma Sumqayıta qayıdıb. Bu dəfə şəhərin eyniadlı klubu ilə anlaşan Vəliyev karyerasının son iki ilini burada keçirib. Bununla da Fərhad
Sumqayıtın Premyer Liqada çıxış edən hər üç komandasında oynamış yeganə futbolçu kimi tarixə düşüb. O, “Xəzər” (“Sumqayıt” və “Kimyaçı”da adlanıb), “Gənclərbirliyi” və “Sumqayıt”da forma geyinib. Karyerasının son klubunda iki mövsümə 51 oyun keçirən qolkiper 57 top buraxıb. 2016/17 mövsümündə bütün oyunlarda iştirak edən təcrübəli əlcək sahibi son çempionatda bəzən yerini gənc həmkarı Mehdi Cənnətova verib. Mayın 20-də keçirilən Topaz Premyer Liqasının son turunun “Zirə” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyət zamanı da meydana çıxmayan Vəliyev futbola ehtiyat oyunçular skamyasından vida edib. Bu üzdən onun son matçı kimi tarixə düşən oyun XXVII tura aid olub. Mayın 12-də evdə “Qəbələ”yə 0:2 hesablı yenilgi son oyun, Cavid Hüseynovun qolu isə onu məyus edən son topdu.
Premyer Liqanın 1 nömrəsi
21 illik peşəkar futbolçu karyerasını başa vuran 38 yaşlı qapıçı Azərbaycan çempionatları tarixinə adını yazdırmağı bacarıb. O, yarışda ən çox oyun keçirən qapıçı ünvanının sahibidi. Bu göstəricisi 282-yə bərabər olan Vəliyev Rauf Mehdiyevin rekordunu son mövsümdə arxada qoyub və “1 nömrə” adını qazanıb. Rekordçu qolkiper futbolçuların ümumi sıralamasında isə Əli Abışovla 28-29-cu yerləri bölüşür.
Elitada 19 mövsüm keçirən, bu müddətdə 9 klubda çıxış edən futbolçu 283 top buraxıb. Ən çox oyun keçirən qapıçı buraxılan top sayında antirekordun 4 addımlığında qalıb. Belə ki, Cahangir Həsənzadə daha çox – 287 qola üzülüb.
Fərhad 19 mövsüm ərzində 110 quru oyun keçirib. O, buraxılmayan qarşılaşmaların sayında Azərbaycan çempionatları tarixinin 4-cüsüdü. Fərhad yalnız Rauf Mehdiyev, Hüseyn Məhəmmədov və Cahangir Həsənzadədən geri qalır.
Fərhad Vəliyev Azərbaycan Premyer Liqasında (əvvəlki güclülər dəstəsi)
|
MÖVSÜM |
KLUB |
OYUN |
BURAXIB |
|
1997/98 |
U-18 * |
7 |
-16 |
|
1997/98 |
Sumqayıt ** |
1 |
0 |
|
1998/99 |
Kimyaçı ** |
10 **** |
-30 |
|
1999/2000 |
Kimyaçı ** |
14 |
-22 |
|
2000/01 |
Şahdağ (Quba) |
4 |
-12 |
|
2000/01 |
Viləş |
4 |
-4 |
|
2003/04 |
Neftçi |
1 |
0 |
|
2004/05 |
Gənclərbirliyi |
14 |
-23 |
|
2005/06 |
İnter *** |
19 |
-9 |
|
2006/07 |
İnter *** |
22 |
-11 |
|
2007/08 |
Qarabağ |
24 |
-13 |
|
2008/09 |
Qarabağ |
23 |
-18 |
|
2009/10 |
Qarabağ |
29 |
-24 |
|
2010/11 |
Qarabağ |
21 |
-16 |
|
2011/12 |
Qarabağ |
4 |
-7 |
|
2012/13 |
Qarabağ |
17 |
-10 |
|
2013/14 |
Qarabağ |
12 |
-7 |
|
2014/15 |
Qarabağ |
3 |
-2 |
|
2015/16 |
Qarabağ |
2 |
-2 |
|
2016/17 |
Sumqayıt |
28 |
-35 |
|
2017/18 |
Sumqayıt |
23 |
-22 |
|
|
Cəmi |
282 |
-283 |
* - sonradan “Şəfa” adlanıb.
** - “Xəzər” digər adlar altında çıxış edib.
*** - indi “Keşlə” adlanır.
**** - 1 oyunda sahə futbolçusu kimi iştirak edib.