[b]Qrupun autsayderi kimdi: Azərbaycan, yoxsa Malta?[/b]
23.02.2014 - 16:10
[b]Qrupun autsayderi kimdi: Azərbaycan, yoxsa Malta?[/b]

 

Bu gün Fransanın Nitsa şəhərində keçirilən Avropa çempionatının püşkatmasından sonra millimizin yer aldığı qrupda mübarizə aparacaq autsayderlərin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, Malta və Azərbaycan milliləridir.

 

Dünyanın reytinq sıralamasında 131-ci pillədə olan və italiyalı məşqçi Pyetro Qedinin rəhbərlik etdiyi ada təmsilçisi ilk dəfə rəsmi görüşlərdə millimizlə qarşılaşacaq. Bununla belə, Malta yığmasını bizim üçün naməlum rəqib saymaq olmaz. Belə  ki, bu rəqiblə yoldaşlıq və beynəlxalq turnirin oyunlarında 4 dəfə üz-üzə gəlmişik.

 

Bu görüşlərdən 3-ü yoldaşlıq, biri isə Maltada keçirilən beynəlxalq turnir çərçivəsində baş tutub. Bunlardan 3-ü Maltanın Ta Kali şəhərində, sonuncusu isə ötən il paytaxtımızda baş tutub. Cırtdan sayılsa da, millimiz yalnız doğma azarkeşləri önündə bu komandadan üstün olub. Ona görə də top fərqində yığmamız mənfi göstəriciyə malikdir: 3-9.

    

19.04.1994 Ta Kali. Yoldaşlıq oyunu. Malta – Azərbaycan 5:0

 

06.02.2000 Ta Kali. Beynəlxalq turnir. Malta – Azərbaycan 3:0

 

17.04.2002. Ta Kali. Yoldaşlıq oyunu. Malta – Azərbaycan 1:0

 

14.08.2013. Yoldaşlıq oyunu. Bakı. Azərbaycan – Malta 3:0

 

Qeyd edək ki, “Xəzər Lənkəran” cari mövsüm Avroliqanın I təsnifat mərhələsində Maltanın “Slima Uonderers” komandasını mübarizədən kənarlaşdırıb. Cənublular səfərdə 1:1 oynasa da, Lənkəranda rəqibini 1:0 hesabı ilə məğlub edə bilmişdi.