"Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevi ilin məşqçisi seçmişdi.
Əvvəlki illərdə həmkarlarımız seçim edərkən əsasən klublarımızın avrokuboklardakı çıxışlarını əsas götürürdülər. Bu il də jurnalistlər seçim meyarına sadiq qaldılar. Jurnalistlər əsasən Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Qarabağ" və "Qəbələ"nin baş məşqçilərinə - Qurban Qurbanova və Roman Qriqorçuka səs verdilər. Əvvəlki sorğularda demək olar ki, rəqabət olmamışdı. Qurban Qurbanov qalib gəldiyi bütün 5 sorğuda yekdilliklə jurnalistələrin etimadını qazanmışdı. Elə Böyükağa Hacıyev də böyük səs çoxluğu ilə qalib gəlmişdi. Bu il "Qəbələ"nin də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması vəziyyəti dəyişdi və Qurban Qurbanovla Roman Qriqorçuk arasında müəyyən mənada rəqabət yaşandı. Amma "Qarabağ"ın həm çempion olması, həm də Azərbaycan kubokunu qazanması, üstəlik Avropa Liqasında da "Qəbələ"yə nisbətən uğurlu çıxış etməsi Qurban Qurbanovun 6-cı dəfə Azərbaycanın ən yaxşı məşqçisi olmasını şərtləndirdi.
Komanda.az-ın sorğusunda 74 mətbuat orqanından 80 jurnalist (ötən il 51 mətbuat orqanından 57 jurnalist) iştirak edib. 49 jurnalist Qurban Qurbanova, 24 həmkarımız isə Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.