[b]Rahid Əmirquliyev: Belim ağrıyırdı, qaça bilmirdim - MÜSAHİBƏ[/b]
24.10.2015 - 21:09
[b]Rahid Əmirquliyev: Belim ağrıyırdı, qaça bilmirdim - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının I dövrəsinin sonuncu, IX turunda Gəncədə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Komandanız I dövrəni məğlub başa vurdu. Yenildiyiniz oyunla bağlı nə deyə bilərsiniz?

- Matçın bizim üçün ağır keçəcəyini bilirdik. Çünki “Kəpəz” doğma meydanda yaxşı mübarizə aparır. Bunu nəzərə alıb, yaxşı hazırlaşmışdıq. 3 xal qazanmaq istəyirdik.

Birinci hissədə çox pis oynadıq. Öz səhvimizdən qol buraxdıq. Fasilədən sonra rəqibdən üstün olsaq da, lazım olan qolu vura bilmədik. Matçın ədalətli nəticəsi heç-heç idi.

 

- Epizodların birində zərbəniz dirəkdən döndü...

- Zərbədən sonra bir anlıq qol olduğunu düşündüm, amma top dirəkdən döndü. Qismət deyilmiş.

 

- Budaq Nəsirovla toqquşduğunuz epizodda zədələndiniz. Zədəniz ciddidirmi?

- Onun dizi belimə dəydi. Ağrı hiss etdim. Ancaq ciddi olmadığını düşünürəm. Növbəti qarşılaşmada meydana çıxacam. Həqiqətən də qaça bilmirdim. Çünki belim ağrıyırdı.

 

- Bəs niyə əvəz olunmağınızı istəmədiniz?

- Bizim ehtiyat oyunçular skamyamız çox kasaddı. Buna görə məcbur olub, sona qədər dözdüm.

 

- Meydança amili, gəncəli azarkeşlər çıxışınıza təsir etdimi?

- Stadiona xeyli azarkeş gəlmişdi. Amma onlar bizə maneə yaratmadılar. Çünki biz Lənkəranda dolu tribunalar qarşısında oynamağa öyrəşmişik. Meydançanın durumu isə yaxşı deyildi. Çox ağır idi, sürüşürdük.

 

- Matçın ədalətli nəticəsinin heç-heçə olduğunu dediniz. Bunu gözlədiyiniz halda, məğlubiyyətlə ayrılmaq növbəti qarşılaşmaya hazırlaşmaq baxımından çətinlik yaratmır?

- Çox pis təsir edir. Üstəlik, “Qəbələ”yə biabırçı məğlubiyyətdən sonra toparlanıb, AZAL-ı yenməyi bacardıq. Bu dəfə də uduzmamağa çalışdıq. Yenə toparlanmalı, “Sumqayıt”ı məğlub etməliyik.

 

- Maraqlıdı  ki, ölkə kubokunun 1/8 final mərhələsində də bu komanda ilə qarşılaşacaqsınız. Çempionatda liderlərdən geri qaldığınıza görə, hədəfinizin kubokla bağlı olduğunu düşünmək olarmı?

- “Kəpəz”lə kubok oyunumuz asan olmayacaq. Razıyam, çempionatda çox xal itirdik və ümidimiz azalıb. Çempionatda layiqli oyun göstərməyə, kuboku isə qazanmağa çalışacağıq.

 

0