[b]Rail Məlikov: Hələ belə haqsızlıq görməmişəm[/b]
25.12.2014 - 13:55
[b]Rail Məlikov: Hələ belə haqsızlıq görməmişəm[/b]

“Dənizlispor”la müqaviləm yanvarın 8-də başa çatacaq. Klubdan transfer vərəqəsini də məhz həmin tarixdə götürəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Rail Məlikov deyib.

 

Azərbaycan yığmasının sabiq üzvü “Dənizlispor”dan ayrılmaq səbəbini baş məşqçi Özcan Bizati ilə əlaqələndirib: “Məşqçi ilə yola getmədik. Aramızda dava-filan olmayıb. Sadəcə, münasibətimiz düz gəlmədi. Bizati öz futbolçularını oynadırdı, mən isə bununla barışmırdım. Hələ belə haqsızlıq görməmişdim”.

 

Məlikov AZAL-a keçəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Azərbaycana qayıtmaq istədiyini deyən Rail “təyyarəçilər”dən təklif almadığını bildirib: “Mətbuatda adım AZAL ilə birgə hallanır. Düzdü, vətənə qayıtmaq, ailəmin yanında olmaq istəyirəm. Mənim üçün ailə çox önəmlidi. Türkiyənin PTT I liqasından bir neçə klub mənimlə maraqlanırdı. Lakin təklifləri qəbul etmədim, çünki Azərbaycana dönmək istəyirəm. Lakin AZAL-a keçəcəyimlə bağlı yayılan xəbərlər doğru deyil. Bu klubdan heç kim mənimlə əlaqə saxlamayıb”.

 

Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Dənizlispor”dan əlavə, “Bakı”, “Neftçi” və “Qəbələ” klublarının da formasını geyinib.