“Klublar Komitəsinin sabahkı iclasında bütün klub rəhbərləri iştirak etməlidi. Mənim də “Neftçi” və “Xəzər Lənkəran” rəhbərlərinə azarkeşlərlə bağlı təklifim olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
“Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlarda qonaq komanda azarkeşlərinin stadiona buraxılmamasına münasibət bildirən PFL rəhbəri bunun ləğvinin tərəfdarıdı. Lakin o, bunun üçün klublardan hərəkət gözləyir: “Sözsüz ki, azarkeşlər arasında qalmaqalın olması özü futbolun gözəlliyidi. Amma həddi aşmamaq şərti ilə. Sabahkı iclasda da klub rəhbərlərinə təklif edəcəm ki, çıxsınlar ortaya, bir-biriləri ilə ortaq məxrəcə gəlsinlər. Hər bir klub rəhbəri öz stadionunda keçirilən oyuna cavabdeh olsun. Sonra da bununla bağlı qərar verən quruma müraciət etsinlər ki, mən komandamın oyununda rəqib azarkeşlərini qəbul etməyə hazıram və təhlükəsizliyə cavabdehəm. Əgər klub rəhbərləri bunu etmirsə, mən necə boynuma götürə bilərəm?”
Musayev Topaz Premyer Liqasının XXI turu çərçivəsində dünən baş tutan “Neftçi” – “Xəzər Lənkəran” oyununda qonaq komanda azarkeşinin stadionda olduğunu da əlavə edib. O, hətta buna görə narahatlıq keçirdiyini də gizlətməyib: “Dünən yer aldığım tribunanın qarşısında lənkəranlı azarkeş oturmuşdu. İnanın ki, görüş başa çatana qədər gözüm o adamın üstündə idi ki, birdən kimsə ona nəsə edər. Bu, bizim insanlıq borcumuzdu. Çünki o, qonaqdı. Bilirəm ki, Lənkəranda da bu cür qarşılayırlar, çünki əhalisi qonaqpərvərdi”.
Ruslan SADIQOV