[b]Ramin Musayev: Polis məni stadiona buraxmırdı[/b]
12.02.2015 - 17:46
[b]Ramin Musayev: Polis məni stadiona buraxmırdı[/b]

“Dünən “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən oyuna girməkdə çətinlik çəkdim. Polislər məni də stadiona buraxmırdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Milli komandamızın baş məşqçisi Robert Prosineçki “Bakcell Arena” stadionunda keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:0) oyununa gedərkən problemlə üzləşmişdi. Belə ki, polis işçiləri xorvatiyalı mütəxəssisi stadiona buraxmaq istəməyiblər.

 

Ramin Musayev analoji hadisənin onun da başına gəldiyini bildirib və bunu təbii hal kimi qarşılayıb: “Öz xidməti maşınımla stadiona gedəndə qarşımı kəsdilər. Özümü təqdim elədim. Dedilər ki, lap yaxşı, sizə böyük hörmətimiz var, ancaq qanun hamı üçün eynidi. Söylədilər ki, maşınınızın nömrəsi siyahıda olmadığına görə, sizi buraxa bilmərik. Sonra rəhbərlərinə zəng vurdular, onlar bildirdilər ki, tanıyırıq, buraxın gəlsin. Ondan sonra buraxdılar. Prosineçkidə də belə olmuşdu. Burda qeyri-adi bir şey görmürəm. Sadəcə, gedəcəkdisə, köməkçiləri gərək əvvəlcədən onu gəzdirən maşının nömrəsini ora verməli idilər ki, gələn kimi o kişiyə qapılar açılardı”.